REGİONLAR
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı fləşmob və kompozisiya maraqla qarşılanıb
Füzuli, 23 may, AZƏRTAC
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü münasibətilə Füzuli rayonunda silsilə tədbirlər davam edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, məcburi köçkünlər üçün salınmış “Fin” qəsəbəsində fəaliyyət göstərən 59 nömrəli tam orta məktəbdə təşkil olunan tədbirdə əvvəlcə şagirdlərin iştirakı ilə Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş fləşmob göstərilib. Sonra Azərbaycanın Dövlət himni səsləndirilib.
Füzuli Rayon İcra Hakimiyyəti başçısının müavini Gülbahar Eyvazova çıxış edərək, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını xalqımızın azadlıq, müstəqilik ideyalarının reallaşması kimi dəyərləndirib. Azərbaycanın müstəqilliyinin qorunmasında və möhkəmlənməsində ümummilli lider Heydər Əliyevin xidmətlərindən bəhs edən G.Eyvazova Ulu Öndərin siyasətinin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. Bildirilib ki, dövlətimizin başçısının 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsi dövlətçilik tariximizə verilən ən böyük qiymətdir.
Tədbirdə məktəblilər və “Ulduz” uşaq bağçasının kollektivi mahnı və rəqslər ifa edib, şeirlər söyləyiblər. Məktəblilərin ifa etdiyi “Ordumuzun gücü” adlı kompozisiya maraqla qarşılanıb.
Sonda Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunmuş videoçarx göstərilib.