ELM VƏ TƏHSİL
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan konfransa məqalələr fevralın 28-dək göndərilməlidir
Bakı, 15 fevral, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun, Türkiyənin Atatürk Araşdırma Mərkəzinin və Türkiyənin ölkəmizdəki səfirliyinin birgə təşkilatçılığı ilə “XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları” mövzusunda keçiriləcək beşinci beynəlxalq elmi konfransa məqalələr fevralın 28-dək təşkilat komitəsinə təqdim edilməlidir.
Tarix İnstitutundan AZƏRTAC-a bildirilib ki, məqalələrin həcmi 8-10 səhifədən artıq olmamalı, elektron variant [email protected] və [email protected] ünvanlarına göndərilməlidir.
Aprelin 25-dən 29-dək təşkil ediləcək tədbir Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunub. Konfransın işi “XX əsrdə Azərbaycan xalqına qarşı soyqırımları”, “1914-1920-ci illərdə Şərqi Anadolu, Urmiya, Salmas, Xoy bölgələrində türk-müsəlman əhaliyə qarşı soyqırımları” və “XX əsrdə Qafqaz, Volqaboyu və Mərkəzi Asiya xalqlarına qarşı soyqırımları və deportasiyalar” bölmələri üzrə təşkil olunacaq.