ELM VƏ TƏHSİL
Azərbaycan dili “Think!Check!Submit!” sisteminə daxil olub
Bakı,14 iyul, AZƏRTAC
Tədqiqatçının məqalə dərc etdirmək üçün doğru jurnal seçiminə yardımçı olan “Think!Check!Submit!” sistemi dünyanın 40 dilinə tərcümə edilib.
AMEA İnformasiya Texnologiyaları İnstitutunun böyük elmi işçisi, texnika üzrə fəlsəfə doktoru Rəhilə Həsənova və proqramçı Firudin Əsgərov bu sistemin Azərbaycan dilində versiyasını hazırlayıblar. Bununla da Azərbaycan dili “Think!Check!Submit!”ə 41-ci dil kimi daxil olub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, hər bir tədqiqatçı “thinkchecksubmit.org” saytına daxil olub “Languagies” (Dillər) bölməsindən Azərbaycan dilini seçməklə təqdim olunmuş suallara cavab verə, seçdiyi jurnalın yırtıcı olub-olmamasını təyin edə, həmçinin məqalənin dərci üçün uğurlu seçiminə əmin ola bilər.
Bu sistem tədqiqatçıların maarifləndirilməsi, eləcə də etibarlı tədqiqat və nəşrlərə inam yaratmaq məqsədini daşıyır.