CƏMİYYƏT
Azərbaycan həmkarlar ittifaqlarının əməkdaşları “Yaşıl Marafon” çərçivəsində min ədəd ağac əkiblər
Bakı, 3 dekabr, AZƏRTAC
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Ümumrespublika Yaşıllaşdırma Marafonu” (“Yaşıl Marafon”) çərçivəsində dekabrın 3-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK), həmçinin qurumun üzv və tabe təşkilatlarının əməkdaşları ağacəkmə kampaniyasında iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, aksiya yaşıllaşdırma üçün nəzərdə tutulan 280 hektarlıq ərazinin Qaradağ rayon, Müşfiqabad qəsəbəsində yerləşən sahəsində həyata keçirilib.
Aksiya zamanı həmkarlar ittifaqlarının 150-dən çox əməkdaşı tərəfindən ərazinin torpaq-iqlim şəraitinə uyğun 1000 ədəd Eldar şamı və zeytun ağacı əkilib.
Ağacəkmə aksiyasında AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev və ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev iştirak ediblər.
AHİK sədri Səttar Möhbalıyev jurnalistlərə açıqlamasında bildirib ki, bu kampaniya ölkəmizdə yaşıllıq sahələrinin ərazisini genişləndirəcək, flora biomüxtəlifliyini artıracaq, ətraf mühitin mühafizəsinə, yaşıllıqların qorunması ilə bağlı maarifləndirməyə böyük töhfə verəcək. Həmçinin ümumi ekoloji vəziyyətin yaxşılaşdırılmasında, iqlim dəyişmələri ilə bağlı təsirlərin minimuma endirilməsində mühüm rol oynayaraq, təbiətimizin yaşıl gələcəyini təmin edəcək. İnanırıq ki, əkdiyimiz ağacların sağlam ekoloji mühitin yaradılmasında, ətraf aləmin qorunmasında mühüm faydası olacaq.
S.Möhbalıyev deyib ki, ənənəni davam etdirərək həmkarlar ittifaqları bundan sonra da ağacəkmə kampaniyasında yaxından iştirak edəcək. Həmçinin AHİK sədri Türkiyədə keçirilən ağacəkmə kampaniyasına qoşulacaqlarını da vurğulayıb.
Qeyd edək ki, “Yaşıl Marafon” layihəsi çərçivəsində ölkədə 1 milyona yaxın ağac əkilməsi hədəflənir.