CƏMİYYƏT
Azərbaycan ilə Gürcüstan arasında mənəvi dəyərlərin qorunması və inkişaf perspektivləri müzakirə olunub
Tbilisi, 27 dekabr, AZƏRTAC
Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov dekabrın 27-də bu ölkənin Katolikos-Patriarxı II İlya ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, səfir Dursun Həsənov Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstanın Katolikos-Patriarxına doğum günü və Yeni il münasibətilə ünvanladığı təbrik məktubunu II İlyaya təqdim edib.
Görüşdə ölkələrimiz arasında münasibətlərin inkişafından məmnunluqla danışılıb, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dostluq əlaqələrinin bu gün strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi vurğulanıb.
II İlya Azərbaycan Prezidenti İlham Əliyevin gürcü xalqına olan dost münasibətini, diqqət və qayğısını xüsusi qeyd edib, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə Gürcüstanda həyata keçirilən layihələri yüksək qiymətləndirib.
Söhbət zamanı Azərbaycan və Gürcüstanın dövlət müstəqilliyinin bərpasının eyni dövrə təsadüf etdiyi, hər iki ölkədə etnik və mədəni müxtəlifliyin, birgəyaşayış ənənəsinin, tolerantlığın mövcud olduğu qeyd edilib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi