SİYASƏT


Azərbaycan ilə İtaliya arasında siyasi dialoq və hərtərəfli əməkdaşlıq yüksək səviyyədədir

Bakı, 18 iyul, AZƏRTAC 

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Enzo Moavero Milanesi ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə nazirlər İtaliya Prezidenti Sercio Mattarellanın Azərbaycana rəsmi səfərini iki ölkə arasında siyasi dialoqun və hərtərəfli əməkdaşlığın yüksək səviyyəsinin göstəricisi kimi qiymətləndiriblər.

Elmar Məmmədyarov İtaliya Prezidentinin ölkəmizə ilk səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ilə keçirdiyi görüşün və apardığı müzakirələrin siyasi, iqtisadi-ticarət, enerji, mədəniyyət, elm-təhsil və digər sahələrdə əməkdaşlığın təşviqi üçün mühüm təkan verəcəyini qeyd edib. O, İtaliyanın bu il ATƏT-in fəaliyyətdə olan sədri funksiyasını həyata keçirdiyini nəzərə alaraq, rəsmi Romanın Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə gedən danışıqlar prosesinə diqqət yetirməsinin əhəmiyyətinə toxunub. E.Məmmədyarov dünya ictimaiyyətinin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini və münaqişənin bu prinsiplər əsasında BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə uyğun olaraq həll edilməli olduğunu bildirib. İtaliyanın Azərbaycanın əsas ticarət tərəfdaşı olduğunu xatırladan nazir Cənub Qaz Dəhlizinin işə düşməsinin əlaqələrin daha da inkişafına xidmət edəcəyinə əminliyini ifadə edib.

Enzo Moavero Milanesi ölkəmizə səfərindən məmnunluğunu bildirib. O, ikitərəfli əlaqələrlə yanaşı, İtaliyanın Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığının genişləndirilməsini də dəstəklədiyini deyib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.