SİYASƏT


Azərbaycan ilə Latviya arasında əlaqələr uğurla inkişaf edir

Bakı, 25 iyun, AZƏRTAC

Milli Məclisin deputatları, Azərbaycan-Latviya parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvləri Kamran Bayramov, Rüstəm Xəlilov və Aydın Hüseynov Latviyanın ölkəmizdəki səfiri Yuris Maklakovs ilə onun diplomatik fəaliyyətinin başa çatması münasibətilə parlamentdə görüşüblər.

AZƏRTAC xəbər verir ki, Azərbaycan-Latviya parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Kamran Bayramov ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini bildirib, yüksək səviyyəli qarşılıqlı səfərlərin əlaqələrimizin möhkəmlənməsi baxımından əhəmiyyətini vurğulayıb. O, səfir Yuris Maklakovsun Azərbaycandakı fəaliyyəti dövründə ölkələrimiz arasında əməkdaşlığın inkişafına töhfə verdiyini qeyd edib.

Kamran Bayramov bildirib ki, Latviya istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlarda Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyinə, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinə öz dəstəyini ifadə edib. Bu gün ölkələrimiz arasında Avropa strukturları, Şərq Tərəfdaşlığı və digər beynəlxalq platformalarda da sıx əməkdaşlıq həyata keçirilir.

Səfir Yuris Maklakovs hələ ötən əsrin əvvəllərində Azərbaycan ilə Latviya arasında geniş siyasi, iqtisadi və mədəni təmasların qurulduğunu bildirib, hər iki ölkənin bir-birinin dövlət müstəqilliyini dəstəklədiyini vurğulayıb. Diplomat diqqətə çatdırıb ki, həm Azərbaycan, həm də Latviya keçən il dövlət müstəqilliyinin 100 illiyini qeyd edib. İkitərəfli münasibətlərin daha da genişləndirilməsi və möhkəmləndirilməsi istiqamətində atılan addımları yüksək qiymətləndirən səfir Yuris Maklakovs Azərbaycan ilə Latviya arasında əlaqələrin gələcəkdə də uğurla davam etdiriləcəyini söyləyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.