İQTİSADİYYAT
Azərbaycan internet xidmətləri bazarında hansı provayder liderdir?
Bakı, 16 mart, AZƏRTAC
“Delta Telecom” şirkətinin saytında yerləşdirilmiş Azərbaycanda fəaliyyət göstərən internet provayderlərinin interaktiv qrafikinə əsasən, hesabat dövründə, ənənəvi olaraq reytinqdə ilk beşliyə daxil olan “Bakinternet”, “Uninet”, “Aztelekom”, “Azeronline”, “DataPlus” şirkətlərinin kəskin rəqabəti nəticəsində “Aztelekom” İstehsalat Birliyi “Uninet” şirkətini geridə qoyaraq ikinci yerdə qərarlaşıb.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, son iki ay ərzində “Bakinternet” dövlət internet provayderinin bazar payı 1,7 faiz azalaraq 27,6 faiz, “Aztelekom”un isə 6 faiz azalaraq 17,21 faiz, “Uninet”in payı cüzi artaraq 10,7 faiz, “Azeronline”nın bazar payı azalaraq 7,3 faiz, “Dataplus” şirkətinin bazar payı azalaraq 4,9 faiz, “Connect” şirkətinin bazar payı 4,13 faiz, “Azqtel”in payı azalaraq 3,03 faiz təşkil edib. Bazarda yeni internet provayder fəaliyyətinə başlayan “KATV1” kabel televiziyası provayderinin təsisçisi “AG Telecom” şirkəti qısa zaman ərzində bazarın 5,1 faizinə sahiblənib. Onların ardınca 2,8 faiz bazar payı ilə “Ultel”, 3,26 faiz “Castel”, 1,8 faiz “Adanet”, 2,26 faiz “Azstarnet”, 2,27 “Smart”, 1,3 faiz “Avirtel”, 1,17 faiz “Azeurotel”. Digər provayderlər bazarda çox kiçik 1 faizədək paya malikdirlər.
Qeyd edək ki, ümumilikdə ölkədə hazırda 31-dən çox internet provayder fəaliyyət göstərir.