SİYASƏT
Azərbaycan nümayəndə heyəti Şanxay Əməkdaşlıq Təşkilatının ilk Qadın Forumunda iştirak edir VİDEO
Pekin, 16 may, AZƏRTAC
Çinin paytaxtı Pekində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Birinci Qadın Forumu işə başlayıb.
“Qadın qüvvələrinin birləşdirilməsi, birgə inkişafın stimullaşdırılması” mövzusunda keçirilən forumda ŞƏT-ə üzv dövlətlərin, habelə qurumda müşahidəçi və “Dialoq üzrə tərəfdaş” statusu olan ölkələrin qadın məsələləri üzrə müvafiq dövlət və ictimai qurumlarının rəhbər şəxsləri, fəal qadınlar iştirak edirlər.
Tədbirdə Azərbaycanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.
Forumun açılış mərasimində çıxış edən Ümumçin Qadınlar Federasiyasının sədri xanım Şen Yüeyüe və Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi Rəşid Əlimov bu cür tədbirlərin müxtəlif ölkələrin qadınları üçün yeni əməkdaşlıq platformaları yaratdığını söyləyib, bununla da ümumi problemlərin həllində qadınların oynaya biləcəyi böyük roldan danışıblar.
“Azərbaycan Respublikasında qadın siyasətinin əsas istiqamətləri” mövzusunda çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova ölkəmizin ŞƏT çərçivəsində qadınların əməkdaşlığını dəstəklədiyini bildirib.
Azərbaycanda tarixən qadınların cəmiyyətin, ictimai-siyasi proseslərin inkişafında fəal rol oynadığını diqqətə çatdıran H.Hüseynova bildirib ki, bu il 100 illiyini qeyd etdiyimiz və müsəlman Şərqində ilk parlamentli dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti bir çox Qərb ölkələrindən də əvvəl qadınlara seçki hüququnu verib. O deyib ki, ümummilli lider Heydər Əliyevin 1998-ci ildə müvafiq Fərmanı ilə yaradılan və qadın məsələləri ilə məşğul olan dövlət qurumu 2006-cı ildə genişləndirilərək Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə çevrilib. Qurum ailə, qadın və uşaq problemləri ilə iş sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti olmaqla yanaşı, qanunvericilikdə gender məsələləri ilə bağlı monitorinq və ekspertiza məsələləri aparır, qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlayır. Gender bərabərliyi və qadınların hüquq və imkanlarının genişləndirilməsi məsələləri milli iqtisadiyyatın strateji yol xəritəsində əsas istiqamətlərindən biri kimi əks olunub.
Azərbaycan cəmiyyətində qadının statusunun həmişə yüksək olduğunu qeyd edən H.Hüseynova deyib ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın timsalında hazırda Azərbaycan qadınının ölkənin ictimai-siyasi, mədəni həyatında böyük rolunu görmək olar. Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva qadınları narahat edən məsələlərə xüsusi diqqət göstərir.
Bildirilib ki, Ermənistanın hərbi təcavüzü nəticəsində öz yurdlarından didərgin düşmüş bir milyon soydaşımızın təxminən yarısını təşkil edən qadınların da problemləri dövlətin diqqət mərkəzindədir.
H.Hüseynova ŞƏT çərçivəsində qadınların əməkdaşlığının genişləndirilməsi ilə bağlı təkliflər verib.
Forumun plenar iclaslarında müxtəlif mövzularda müzakirələr aparılır. İkigünlük tədbir yekun sənədin qəbulu ilə başa çatacaq.
Qeyd edək ki, forumun keçirildiyi binada tədbirin iştirakçısı olan ölkələrdə qadınların fəaliyyətinə dair milli stendlər nümayiş olunub.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin