CƏMİYYƏT
Azərbaycan nümayəndə heyətinin Türkiyəyə səfəri davam edir
Bakı, 24 may, AZƏRTAC
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyəyə səfəri davam edir. Nümayəndə heyəti Ankarada Heydər Əliyev Parkını ziyarət edib, Ümummilli Liderin abidəsi önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla anıb. Bu barədə AZƏRTAC-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Daha sonra nümayəndə heyəti Türkiyə Respublikası Prezidentinin Baş müşaviri Yalçın Topçu ilə görüşüb. Y.Topçu F.Muradovu yeni məsul vəzifəyə təyinatı münasibətilə təbrik edib. Görüşdə bu gün türk dünyasının birləşməsinə böyük ehtiyac olduğu vurğulanıb.
Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin sədri Sərdar Çamla görüşdə Azərbaycan və Türkiyə diasporlarının fəaliyyəti, o cümlədən iki qurum arasında əməkdaşlıq imkanları ilə bağlı fikir mübadiləsi aparılıb.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə keçirilən silsilə tədbirlərin davamı olaraq mayın 23-də “Unudulmaz” sənədli filminin Ankaradakı diplomatik nümayəndəliyimizdə təqdimatı olub. Mərasim iştirakçıları Ümummilli Liderin anadan olmasının 95-ci ildönümünə həsr olunan fotosərgi ilə və Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən kitablarla tanış olublar.
Komitə sədri Türkiyədə çalışan və təhsil alan həmyerlilərimizlə, Azərbaycan diaspor təşkilatlarının rəhbərləri və üzvləri ilə görüşüb, onları maraqlandıran məsələlər müzakirə olunub. F.Muradov Azərbaycan və türk diaspor təşkilatlarının birgə fəaliyyətinin əhəmiyyətindən danışıb. Fuad Muradov komitə sədri kimi ilk rəsmi səfərini qardaş Türkiyəyə etdiyini və soydaşlarımızla görüşdən məmnun olduğunu qeyd edib.