ELM VƏ TƏHSİL
Azərbaycan qadını hər zaman müqəddəs ana adını uca tutub
Bakı, 7 mart, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a MEK-dən bildirilib. AMEA Qadınlar Təşkilatlarının sədrləri, şəhid ailə üzvlərinin iştirakı ilə keçirilən tədbiri giriş nitqi ilə açan MEK-in baş direktoru professor Məmməd Əliyev qadınları bayram münasibətilə təbrik edib. Baş direktor qeyd edib ki, bütün tarixi dövrlərdə Azərbaycan qadını öz mübarizliyi ilə seçilərək ictimai-siyasi həyatda fəal iştirak edib.
“Azərbaycan qadını hər zaman müqəddəs ana adını uca tutub. Məhz belə anaların yetişdirdiyi igid övladlar sayəsində biz bu gün bayramlarımızı firavan şəkildə qeyd edirik. Onların zəhməti çox dəyərlidir, əvəzsizdir! Qadınlar cəmiyyət həyatında fəal təmsil olunurlar. Bunun ən bariz nümunəsi çoxşaxəli və səmərəli ictimai-siyasi fəaliyyəti ilə dünya səviyyəsində Azərbaycan qadınının müsbət obrazının formalaşmasında müstəsna rolu olan Azərbaycanın birinci xanımı Mehriban Əliyevadır. İzzət Orucova, Zərifə Əliyeva, Ədilə Namazova, Zemfira Səfərova, Nailə Vəlixanlı, Gövhər Baxşəliyeva, Nərgiz Axundova, Nərgiz Paşayeva, İradə Hüseynova kimi akademik qadınlar ölkə və dünya elminə böyük töhfələr verməklə qadınlarımız üçün parlaq nümunə obrazıdırlar”, - deyə baş direktor vurğulayıb.
Baş direktor, həmçinin tədbirin təşkilatçılığında əməyi keçən MEK Qadınlar Təşkilatının sədri Reyhan Cəfərovaya xüsusi təşəkkür edib.
Tədbirdə iştirak edən şəhid Nurlan Mustafayevin anası Rəhilə Ramazanova çıxışı zamanı torpaqlarımızın azadlığı uğrunda canını qurban vermiş igid oğul yetişdirdiyi üçün özünü xoşbəxt hiss etdiyini deyib.
İnnovativ layihələr şöbəsinin əməkdaşı Qarayeva Pərvanə Tofiq Bayramın “Qadın ürəyi” şeirini səsləndirib.
MEK-in fəaliyyətində göstərdiyi yüksək peşəkarlığa görə bir qrup qadın əməkdaş təşəkkürnamə ilə təltif ediliblər, şəhid anasına və şəhid Hüseyn Tağıyevin həyat yoldaşına gül dəstələri təqdim olunub.
Tədbir boyunca “Tariximizdə və bu günümüzdə Azərbaycan qadını” adlı video nümayiş olunub, beynəlxalq musiqi müsabiqələrinin laureatı, opera və estrada ifaçısı Rauf Məmmədzadənin ifasında mahnılar səslənib, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının tanınmış aktrisası Telli Hüseynovanın iştirakı ilə səhnəciyə baxılıb.