CƏMİYYƏT
“Azərbaycan qadını: tarixilik və müasirlik” mövzusunda yazı müsabiqəsinin vaxtı uzadılıb
Bakı, 10 iyul, AZƏRTAC
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Azərbaycan Xalq Cümhuriyyətinin və Azərbaycan qadınlarına seçki hüququ verilməsinin 100 illiyi münasibətilə jurnalistlər arasında keçirdiyi “Azərbaycan qadını: tarixilik və müasirlik” mövzusunda yazı müsabiqəsinin vaxtı uzadılıb.
Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, müsabiqədə qəzet, jurnal, agentlik və onlayn saytlarda işləyən və ya mütəmadi əməkdaşlıq edən jurnalistlər iştirak edə bilərlər. Hər bir iştirakçı müsabiqəyə yalnız bir məqalə təqdim edə bilər. İştirakçılar təqdim etdikləri məqalənin müəllifi olmalı və bu məqalə əvvəllər heç bir yerdə dərc olunmamalıdır. Məqalənin sonunda müəllifin adı və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin keçirdiyi müsabiqəyə təqdim olunduğu qeyd edilməlidir. Müsabiqənin şərtlərinə görə, məqalə “Microsoft Word” proqramında yığılmalı, 14 ölçülü “Times New Roman” şrifti ilə yazılmalıdır. Həcmi minimum A4 formatında 3 səhifə olmalıdır.
Müsabiqə 14 iyun - 15 sentyabr tarixlərini əhatə edir. Müsabiqədə iştirak edən şəxslər məqalənin dərc olunmuş variantını, əgər qəzet və ya jurnalda dərc edilibsə onun skanerdən keçirilmiş variantını, elektron KİV-də yerləşdirilibsə linkini, əlaqə telefonlarını və e-maillərini, özləri haqqında qısa təqdimatını (CV), fotolarını [email protected] e-mail ünvanına göndərməli, məktubun mövzu hissəsində “Məqalə müsabiqəsi” sözü qeyd olunmalıdır. Məqalələr və müvafiq məlumatlar dərc olunduğu gündən etibarən 15 sentyabr tarixinədək (həmin gün də daxil olmaqla) göstərilən ünvana göndərilməlidir.
Müsabiqə ilə bağlı əlavə suallar yaranarsa 498 80 93 telefon nömrəsinə müraciət etmək olar.