SİYASƏT


Azərbaycan regionun iqtisadi-siyasi lokomotivi olmaqla yanaşı, həm də güc mərkəzidir

Bakı, 26 iyun, Səadət Hakıyeva, AZƏRTAC

Azərbaycan regionun iqtisadi-siyasi lokomativi olmaqla yanaşı, həm də hərbi baxımdan güc mərkəzidir. Təsadüfi deyil ki, bu gün Azərbaycan Ordusu dünyanın 50 ən güclü ordusu sırasındadır. Silahlı Qüvvələr Günü ərəfəsində yeni hərbi hissənin istifadəyə verilməsi son illər ölkəmizdə ordu quruculuğunda, xüsusilə hərbi hissələrin tikintisində tətbiq edilən Azərbaycan standartlarının təzahürüdür. Bu gün hərbi hissələrdə xidməti yüksək səviyyədə aparmaq üçün bütün imkanlar yaradılıb.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Deputat bildirib ki, Prezident İlham Əliyevin göstərişi ilə bütün hərbi hissələr, şəhərciklər, hərbi bazalar faktiki olaraq yenidən qurulur: “Dövlətimizin başçısının da vurğuladığı kimi, əsgər və zabitlərin xidmət şəraiti onların döyüş qabiliyyətini artırır. Əsas prioritetlərdən biri də ideoloji tərbiyənin yüksək səviyyədə təşkil edilməsidir. Xüsusilə, gənclərimiz milli ruhda, vətənpərvərlik ruhunda böyüməlidir”.

K.Nurullayeva hazırkı şəraitdə ordu quruculuğunun rəsmi Bakı üçün prioritet məsələ olduğunu diqqətə çatdıraraq qeyd edib ki, Azərbaycan müharibə şəraitində yaşayan ölkədir. Torpaqlarımızın işğaldan azad olunması üçün bütün mümkün variantlar nəzərdən keçirilir. Azərbaycan Ordusunun gücünü biz 2016-cı ilin Aprel döyüşlərində, uğurlu Günnüt əməliyyatında gördük. Məlumdur ki, şəxsi heyətin xidmət şəraitinin yaxşılaşdırılması ilə yanaşı, zabitlərin məişət problemləri də həll olunur. Təqdirəlayiq haldır ki, orduda 20 il qüsursuz xidmət edən zabitlər Prezident İlham Əliyevin göstərişi ilə dövlət tərəfindən mənzillərlə təmin olunur. Ən vacib məqam budur ki, Azərbaycan bunları öz daxili imkanları hesabına reallaşdırır.

“Bu gün Azərbaycan həm də silah ixrac edən ölkəyə çevrilib. Texniki təchizat baxımından Azərbaycan Ordusu ön sıralardadır. Beynəlxalq hüquq normalarının kobud şəkildə pozulduğu bir vaxtda təbii ki, güc amili böyük rol oynayır. Azərbaycan bütün sahələrdə öz potensialını artırır. Bu siyasət ölkəmizin mövqelərinin bütün istiqamətlərdə daha da möhkəmlənməsinə xidmət edir”, - deyə Könül Nurullayeva vurğulayıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.