SİYASƏT
Azərbaycan səfiri etimadnaməsini Yeni Zelandiyanın General-Qubernatoruna təqdim edib
Bakı, 26 avqust (AZƏRTAC). Azərbaycan Respublikasının Avstraliya İttifaqı, Fici Respublikası və Yeni Zelandiyaya təyin olunmuş səfiri Rövşən Cəmşidov avqustun 26-da etimadnaməsini Yeni Zelandiyanın General-Qubernatoru Cerri Mateparaeyə təqdim edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, etimadnamənin təqdim edilməsindən sonra General-Qubernator və səfir arasında görüş keçirilib.
Cerri Mateparae Rövşən Cəmşidovu Azərbaycanın Yeni Zelandiyaya təyin olunmuş ilk səfiri kimi təbrik edib, bu təyinatın ölkələrimiz arasında əlaqələrin inkişafına təkan verəcəyinə ümidvar olduğunu deyib. O, Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olduğu dövrdə qazandığı təcrübəsinin Yeni Zelandiya üçün maraq kəsb etdiyini bildirib. General-Qubernator ölkələrimiz arasında BMT çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığın vacibliyini vurğulayıb.
Cerri Mateparae salamlarının və ən xoş arzularının Prezident İlham Əliyevə və Azərbaycan xalqına çatdırılmasını xahiş edib. O, ölkələrimiz arasında siyasi, iqtisadi və mədəni əlaqələrin inkişaf etdirilməsi üçün hərtərəfli zəminin mövcud olduğunu deyib.
Rövşən Cəmşidov fəaliyyəti müddətində Azərbaycan ilə Yeni Zelandiya arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün əlindən gələni əsirgəməyəcəyini bildirib.
Səfir, həmçinin Azərbaycanın siyasi-iqtisadi və sosial inkişafı, ölkəmizin təşəbbüsü ilə regionda həyata keçirilən irimiqyaslı layihələr haqqında məlumat verib.