İQTİSADİYYAT
Azərbaycan və BƏƏ arasında kənd təsərrüfatı sahəsində imkanlar müzakirə edilib
Bakı, 21 yanvar, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyətinin bir qrup rəhbər şəxsi Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) Dubay şəhərində işgüzar səfərdədir.
ASC-dən AZƏRTAC-a bildirilib ki, qurumun idarə heyətinin sədri Leyla Məmmədovanın başçılıq etdiyi nümayəndə heyətinin üzvləri Dubay Ticarət və Sənaye Palatasının Beynəlxalq Ofisinin rəhbəri Ömər Əbdüləziz Xan və palatanın digər rəhbər şəxsləri ilə görüşüblər. Görüşdə aqroturizm sahəsində mümkün yeni əməkdaşlıq perspektivləri, Azərbaycan kənd təsərrüfatı məhsullarının bu ölkəyə ixracı, ölkəmizdə aqrar sahəyə investisiyaların cəlbi əsas müzakirə mövzuları olub.
Görüş zamanı tərəflər əməkdaşlıqda maraqlı olduğunu bildirib və əməkdaşlığın perspektivləri müzakirə edilib.
Səfər çərçivəsində yanvarın 22-də “Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyətinin, Azərbaycanın BƏƏ-dəki Ticarət nümayəndəliyinin və Azərbaycan Ticarət Evinin dəstəyi ilə “Azərbaycan kənd təsərrüfatı məhsulları: Sərgi və dequstasiya” tədbiri keçiriləcək. Məqsəd ixrac potensialı yüksək olan yerli kənd təsərrüfatı və qida məhsullarının tanıdılması, yeni ixrac kanallarının araşdırılması və işgüzar əlaqələrin qurulmasıdır.