Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Azərbaycan və Belarus prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər [YENİLƏNİB] VİDEO

Bakı, 28 noyabr, AZƏRTAC

Noyabrın 28-də sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko mətbuata bəyanatlarla çıxış ediblər.

Prezident İlham Əliyevin

bəyanatı

-Hörmətli Aleksandr Qriqoryeviç. 

Əziz dostlar.

Aleksandr Qriqoryeviç, icazə verin, bir daha Sizi səmimi qəlbdən ölkəmizdə salamlayaq. Azərbaycana xoş gəlmisiniz. Mən Sizin səfərinizə çox şadam. Bizim görüşlərimiz müntəzəm xarakter daşıyır. Biz həm artıq dəfələrlə keçirilmiş rəsmi, həm də işgüzar görüşlər çərçivəsində çox tez-tez görüşürük. Bizim əlaqələrimiz həmişə çox səmimi, açıq, dostluq xarakteri daşıyır.

Əlbəttə ki, Sizin bugünkü səfəriniz ölkələrimiz arasında münasibətlərin inkişafı və möhkəmləndirilməsi istiqamətində mühüm hadisədir. İndicə bir çox istiqamətlər üzrə gələcək əlaqələrimizi müəyyənləşdirəcək xeyli sənədlər imzalanıb. Bu gün biz təkbətək və geniş tərkibdə görüşlər çərçivəsində münasibətlərimizin geniş spektrini müzakirə etdik və əməkdaşlıq potensialının gücləndirilməsi arzusunu bildirdik. İndicə imzalanan hər bir sənəd böyük əhəmiyyət kəsb edir. Sənədlər arasında prezidentlərin imzaladığı və əməkdaşlığımızın əsas istiqamətlərini müəyyənləşdirən, eləcə də münasibətlərimizin ruhunu və xarakterini əks etdirən Birgə Bəyanat xüsusi yer tutur.

Biz Belarus tərəfinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində tutduğu mövqeyə görə çox minnətdarıq. Belarus həmişə qanunun aliliyinin, beynəlxalq hüququn və beynəlxalq təşkilatların qərar və qətnamələrinin yerinə yetirilməsinin tərəfdarıdır. Biz qətiyyətlə əməkdaşlıq potensialının gücləndirilməsi niyyətindəyik. Biz beynəlxalq qurumlarda bir-birimizi fəal dəstəkləyirik. Bizim ölkələrimiz arasında qarşılıqlı dəstək artıq reallıqdır və sanki avtomatik rejimdə həyata keçirilir. Bizim ya Belarusun, ya da Azərbaycanın üzv olmadığı təşkilatlarda həmişə bir-birimizi dəstəkləməyimiz, söz deməyimiz xüsusilə dəyərlidir. Bu, xüsusilə əhəmiyyətlidir. Çünki əgər sən hər hansı təşkilatın üzvüsənsə, iclaslarında iştirak edirsənsə, həmişə yalana, böhtana, ədalətsizliyə cavab verə bilərsən. Lakin Belarus Azərbaycanın iştirak etmədiyi bəzi təşkilatların üzvüdür, həmçinin biz Belarusun iştirak etmədiyi bəzi təşkilatların üzvüyük. Ancaq bilirik ki, əgər bu qurumlar çərçivəsində ölkələrimizə qarşı əsassız hücum cəhdləri olarsa, biz həmişə öz prinsipial mövqeyimizi bildirəcəyik. Bu, çox dəyərlidir. Düşünürəm ki, burada iştirak edənlər mənim nə barədə danışdığımı bilirlər. Biz əməkdaşlığın bu səviyyəsini qiymətləndiririk. Bizim aramızda qarşılıqlı hörmətə, rəğbətə, əməkdaşlığa və dəstəyə əsaslanan nadir münasibətlər yaranıb. Bugünkü danışıqlar və fikir mübadilələri bir daha bizim münasibətlərin əsas dəyərini sübut etdi.

Əlbəttə ki, biz bu gün artıq əldə olunmuş razılaşmaların təcrübədə gerçəkləşdirilməsini müzakirə etdik, bir çox məsələlər üzrə nümayəndə heyəti üzvlərinin məlumatları dinlənildi, eləcə də müvafiq nazirlərə, həmçinin hökumətlərarası komissiyanın həmsədrlərinə tapşırıqlar verildi ki, qısa müddətdə - bir ay ərzində ölkələrimiz arasında əmtəə dövriyyəsinin xeyli və sürətlə artırılması barədə yeni fəaliyyət planı hazırlasınlar.

Biz yaxşı qarşılıqlı fəaliyyət, birgə layihələrin reallaşdırılması tarixinə malikik. Bunların arasında əlbəttə ki, traktorların istehsalı üzrə zavod xüsusi yer tutur. Qısa müddət ərzində prezidentlərin təkcə xoş arzuları və tövsiyələri ilə Gəncədə yaradılan MAZ avtomobilləri zavodu buna nümunədir. Qısa vaxtda Belarus tərəfi bizə Azərbaycanın ərzaq təhlükəsizliyinin təmin olunmasına imkan verən müasir super istehsal sahəsi yaratmağa böyük kömək göstərib. Biz texnika idxalından asılılığı xeyli dərəcədə azaltmışıq. Eləcə də bu gün deyildiyi kimi, istehsal olunan maşınların, mexanizmlərin, traktorların başqa ölkələrə ixracına başlamışıq.

Elm, təhsil sahəsində də böyük potensial var. Biz bu sahələrə həmişə böyük diqqətlə yanaşırıq. Elmin və təhsilin yüksək səviyyəsi olmadan heç bir ölkənin gələcəyi mümkün deyil.

Biz aqrosənaye kompleksləri sahəsində əməkdaşlıqla bağlı hərtərəfli müzakirə apardıq. Şadam ki, kənd təsərrüfatının bu sahəsində də Belarus mütəxəssisləri tərəfindən iri layihə reallaşdırılacaq. Belarus tərəfinin bu sahədə çox yaxşı təcrübəsi var.

Biz əməkdaşlıq potensialını genişləndirməyi nəzərdə tuturuq. Bu gün Azərbaycanın Belarusda, Belarusun isə Azərbaycanda ticarət evlərinin yaradılması barədə qərar qəbul olunub. Biz bu məsələdə Belarusdan geri qalırıq. Belə ki, Belarusun artıq Azərbaycanda ticarət nöqtələri, obyektləri var. Biz isə hələlik buna yeni hazırlaşırıq. Düşünürəm ki, yaxın vaxtlarda bu istiqamətdə mövqelərimizi bərabərləşdirəcəyik.

Biz münasibətlərimizin dəyərini bir daha geniş müzakirə etdik. Qərara gəldik ki, biz rəqib deyilik. Biz Belarusda olmayan meyvə-tərəvəzləri, digər kənd təsərrüfatı məhsullarını, Belarus isə bizim idxal etdiklərimizi istehsal edir. Buna görə razılaşdıq ki, nəzarəti məqsədyönlü şəkildə həyata keçirək və təəssüf ki, hələlik aşağı səviyyədə olan qarşılıqlı əmtəə dövriyyəsini gücləndirməyə rəvac verək.

Bizim qarşılıqlı fəaliyyətimizin mühüm hissəsini hərbi sənaye sahəsi təşkil edir. Biz bu sahədə də çoxdan tərəfdaşlıq edirik və bir-birimizi sınaqdan çıxarmışıq. Biz hərbi sənaye kompleksi sahəsində əməkdaşlıq səviyyəsindən çox razıyıq və əməkdaşlığı gücləndirmək niyyətindəyik.

Bizim qarşılıqlı fəaliyyətimizin yeni istiqamətinə gəlincə, energetika sahəsini qeyd edə bilərəm. Bu əməkdaşlığın uzunmüddətli və möhkəm olması barədə də müvafiq göstərişlər verilib. Çünki neft əməliyyatları və neft ixracatı sahəsində əlbəttə ki, uzunmüddətli tədarüklər lazımdır. Mən həm də belə bir məsələ qaldırdım ki, biz nəqliyyat sahəsində əməkdaşlıq barədə məsləhətləşmələrə başlamalıyıq. Bildiyiniz kimi, biz regionumuzda yeni nəqliyyat dəhlizlərinin yaradılması ilə bağlı iri layihələr həyata keçiririk. Azərbaycanın və Belarusun coğrafi mövqeyi bizə bu istiqamətdə çox fəal əməkdaşlıq etməyə imkan verir. Biz imkanlarımızdan və müxtəlif ölkələrlə əlaqələrdən istifadə edərək öz ölkələrimizin ərazisindən yük daşımalarının həcmini artırmalıyıq.

Əlbəttə ki, Prezidentin rəsmi səfəri ikitərəfli münasibətlərin inkişafı üçün həmişə böyük əhəmiyyət daşıyır. Əminəm ki, bu səfər də bizim qarşılıqlı dostluq münasibətlərimizin inkişafına təkan verəcək. Biz bu əlaqələri çox yüksək qiymətləndiririk. Bu əlaqələr yaxşı tarixə malikdir və dediyim kimi, biz bir-birimizi artıq bir çox tarixi məqamlarda sınamışıq. Həmişə yalnız etibar, düzgünlük və qarşılıqlı dəstək görmüşük.

Aleksandr Qriqoryeviç, bir daha xoş gəlmisiniz. Sizə ölkəmizdə xoş vaxt keçirməyinizi arzulayıram.

Prezident Aleksandr Lukaşenkonun

bəyanatı

-Hörmətli İlham Heydər oğlu, dediyiniz xoş sözlərə görə Sizə bir daha təşəkkür edirəm. Bilirəm ki, onlar ürəkdən gələn sözlərdir. Biz Sizin mövqeyinizi həmişə çox yüksək qiymətləndiririk. Bizim münasibətlərin həqiqətən müəyyən böyük tarixi var. Belarus-Azərbaycan münasibətlərinin yaranmasından 20 ildən çox keçir. Belə münasibətlər qurmaq asan məsələ deyil. Buna görə biz onları qiymətləndiririk, onları qorumalıyıq. Bizim münasibətlər strateji tərəfdaşlıq səviyyəsindədir. Bizim kimi münasibətləri olan dövlətlər çox deyil. İlham Heydər oğlu yaxşı bilir ki, dövlətlər arasında, xüsusən dövlət başçıları arasında münasibətlər müxtəlif cür formalaşır. Biz seçim etməli olmuruq. Biz prezidentlər olaraq nə qədər mürəkkəb olsa da, ən xoş münasibətlər yaratmağa borcluyuq. Bəzən bu, çətin başa gəlir, insan çox gərginlik hiss edir. Amma dostumla Belarusda, Minskdə və ya burada, Bakıda görüşəndə həmişə xoş ümidlər, xoş arzular yaranır. Praktiki olaraq bütün məsələlər üzrə bizim mövqelərimiz tamamilə üst-üstə düşür. Biz çox səmimiyik və bunu gizlətmirik. 

Artıq dediyim kimi, beynəlxalq gündəliklə bağlı praktiki olaraq fikir ayrılığımız yoxdur. Biz bütün beynəlxalq təşkilatlarda səmərəli əməkdaşlıq edir, bir-birimizi dəstəkləyirik. Burada çox düzgün deyildi ki, Azərbaycanın olmadığı, lakin Belarusun olduğu yerdə, yaxud Belarusun olmadığı, lakin Azərbaycanın olduğu yerdə biz həmişə bir-birimizi dəstəkləyir və müdafiə edirik.

Əlbəttə, hər şeyin əsası ticari-iqtisadi əməkdaşlıqdır. Biz gizlətmirik ki, son bir ildə dünya böhranı ilə əlaqədar bizim ticari-iqtisadi əməkdaşlığımızda geriləmə olub. Bu gün razılığa gəldik ki, - hətta rəqəmlər göstərildi, mən onları təxmini təkrarlayım, - gələn il biz əmtəə dövriyyəsinin həcmini 700 milyon dollara çatdıra bilərik. Bu isə ən əlverişli ildəkindən demək olar ki, iki dəfə çoxdur. Məlum oldu ki, bizdə hələ istifadə edilməyən ehtiyatlar çoxdur. İlham Heydər oğlu indicə dedi ki, biz kənd təsərrüfatında sadəcə malgöndərmələr, qarşılıqlı mübadilə layihəsi üzərində işləməyə hazır olmaqla kifayətlənməyib, burada bəzi kənd təsərrüfatı müəssisələrini tam təhvil verməyə hazırıq. Biz burada ən müasir müəssisə tikməyə hazırıq ki, Azərbaycandakı həmkarlarımız bu müəssisənin nə demək olduğunu öz gözləri ilə görə bilsinlər. Ola bilsin ki, bu təcrübə Azərbaycanda təkrarlanmaq üçün yarayar. Biz qarşılıqlı surətdə hazırıq ki, Azərbaycan öz mallarını Belarus bazarında daha geniş təqdim etsin. Özü də təkcə Belarus bazarında yox, - hər halda bu, Avropanın mərkəzidir, - biz Azərbaycan mallarının həm Avropada, həm də Avrasiya İqtisadi İttifaqında satışına kömək göstərməyə hazırıq. İlham Heydər oğlunun haqqında danışdığı ticarət evləri bu əməkdaşlığın inkişafı üçün yaxşı vasitə olacaq.

Biz yeni kooperativ layihələr barədə də danışdıq. Mənim fikrimcə, Azərbaycan çox düzgün olaraq pambıqçılığı inkişaf etdirmək, tütün əkini sahələrini artırmaq və gələcəkdə onu satmaq xətti götürüb. Tütün sahəsində biz artıq əməkdaşlıq edirik. Belarusda siqaret istehsalı üzrə bizim çox güclü iki şirkətimiz işləyir. Bu, ikrah doğuran istehsalatdır, lakin insanlar nədənsə siqaret çəkir və biz onlara bu cür xidmətlər göstərməyə və bu tələbatı təmin etməyə məcburuq. Biz Azərbaycana istiqamətlənmişik. Biz buradan tütün alırıq, əvəzində isə buraya siqaret göndəririk. Bu halda biz həmin siqaretin yüksək keyfiyyətli olmasına cavabdehik. Ən başlıcası, bu siqaretlər yerli tütündən hazırlanır. Əgər hansısa narazılıq yaransa deyəcəyik ki, bu, sizin tütündür. Ona görə, bu, yaxşı əməkdaşlıq istiqamətidir. Pambıq istehsalının həcminin artımı elə olacaq ki, biz 25-30 min ton, bəlkə də 40 min ton pambıq lifi ala bilərik. Mən İlham Heydər oğluna təklif etdim ki, o, bizim Baranoviçi pambıq parça kombinatı ilə kooperasiyanın mümkünlüyü məsələsini nəzərdən keçirsin. Bu, hələ sovet dövründən qalmış çox böyük kombinatdır. Bizim orada əməkdaşlıq etmək imkanımız var. Əgər Azərbaycan da bu müəssisənin kapitalına daxil olmaq istəsə, biz bunun əleyhinə deyilik. Biz buna da hazırıq.

Şərabçılıq sənayesi fəal inkişaf edir. Mən Prezidentə demişəm, bizim vətəndaşlar Azərbaycan şərablarını tanıyırlar, sizin konyak Belarusda məşhurdur. Buyurun, gəlin, biz sizin üçün bazar açarıq. Siz öz məhsullarınızı satın. Sizdə üzüm sahələrinin genişləndirilməsi də çox şeydən xəbər verir. Bizim bazar elədir ki, siz gəlib bu bazarda öz evinizdə, Azərbaycanda olduğu kimi işləyə bilərsiniz.

Burada meyvələr barədə danışdıq. Biz cənub meyvələrini praktiki olaraq başqa ölkələrdən alırıq. Azərbaycandan az alırıq. Bunu qaydaya salmaq lazımdır. Prezident düzgün irad tutdu. Bu, yaxşı deyil ki, Azərbaycanda ən yaxşı meyvələr yetişdiyi halda biz onları Afrikadan və başqa yerlərdən alırıq. Zənnimcə, bu meyvələrin Belarusda rəqibləri olmayacaq.

Neft-kimya sahəsi barədə bu gün çox danışdıq. Bu, yeni istiqamətdir. Siz çoxlu neft-kimya müəssisəsi tikirsiniz. Bizdə bu müəssisələrin məhsullarına böyük maraq var. Çünki bizdə müvafiq zavodlar, kombinatlar var, bu gün onları modernləşdiririk. Mən çox istərdim ki, xammal alışını şaxələndirərkən biz Azərbaycandan olan dostlarımızla işləyək.

Biz gözlənilmədən Belarusda Azərbaycan xalçaları istehsalı mövzusuna toxunduq. Bunlar gözəl, yüksək keyfiyyətli xalçalardır. Mən şəxsi təcrübəmdən bunu bilirəm. Prezidentə də dedim ki, nə üçün Belarusda xalça istehsal edilməsin? Prezident dedi ki, biz yun satmağa da hazırıq, Belarusda yun yoxdur. Biz iqlim şəraitinə görə Belarusda bu cür yun istehsal edə bilmirik. Bütün dünyadan yun aldığımız halda Azərbaycandan nə üçün almayaq? Gəlin bu istehsalatı birlikdə yaradaq və siz Belarus bazarı ilə yanaşı, bu cür keyfiyyətli xalça məmulatı istehsal etməyən qonşu dövlətlərin bazarına da çıxış əldə edəcəksiniz.

Bir sözlə, bu görüş bizim əməkdaşlığımızın yeni konkret istiqamətlərini müəyyənləşdirməyə imkan verdi. Kənd təsərrüfatı üzrə çox maraqlı layihə olacaq. İlham Heydər oğlu bu layihəni dəstəklədi. Mən artıq dediyim kimi, biz öz müəssisələrimizdən birini sizin üçün tam hazır vəziyyətə gətirməyə, həmçinin əczaçılıq sahəsində əməkdaşlıq etməyə hazırıq. Sizin indi üzləşdiyiniz bir problemi – dərman təhlükəsizliyi problemini vaxtilə biz həll etmişik. Bu, bəlkə ərzaq təhlükəsizliyindən də vacib məsələdir. Ölkənin öz dərmanları olmalıdır. Bizdə bu sahədə problem var idi. Vaxtilə dərmanların 13-16 faizini özümüz istehsal edirdik, indi isə bu göstərici 53 faizə çatıb. Düşünürəm ki, siz də bu problemi həll edəcəksiniz. Bu, birdən-birə həll edilmir, bunun üçün vaxt lazımdır. Biz bu gün Azərbaycanın müvafiq şirkətləri ilə, o cümlədən aramızda mövcud olan böyük dostluq və etimad əsasında əməkdaşlıq etməyə hazırıq.

İdman barədə mən hələ o vaxt demişdim, bir daha təkrar edirəm, siz Avropa Oyunlarını parlaq səviyyədə keçirdiniz, heç kəs həmin turniri təkrar edə bilməz. Siz elə bir səviyyə müəyyən etdiniz ki, ümumiyyətlə, əsas olimpiada, dünya olimpiadası bu dərəcədə hazırlanmır, keçirilmir. Siz təkcə Bakının deyil, bütün ölkənin simasını dəyişmisiniz. Bunu təkrarlamaq asan məsələ deyil. Bunu dərhal demişdim, ikinci Avropa Oyunlarını bizdə, Belarusda keçiriləcəyini nəzərdə tuturdum. Əlbəttə, biz sizi üstələyə bilmərik, lakin belaruslulara xas olan səmimiyyətlə dedim, biz çalışacağıq ki, bu Oyunların açılışında, bağlanışında və keçirilməsində Azərbaycandan geri qalmayaq. Buna görə, İlham Heydər oğlu, vaxtilə siz məni dəvət etdiyiniz kimi, indi mən həm Sizi, həm də azərbaycanlı qardaşlarımızı 2019-cu ildə keçiriləcək həmin Oyunlara dəvət edirəm. Biz estafeti sizdən qəbul edirik. Əlbəttə, biz sizin topladığınız o qiymətli təcrübəni mənimsəmək istərdik ki, həmin Oyunları ləyaqətlə, yüksək səviyyədə keçirək. İdmanda konkret əməkdaşlığın başqa istiqamətləri üzrə də sizin təcrübənizi öyrənməyə hazırıq. Kimin fikrinə gələrdi ki, vaxtilə idmanın çox növlərini Azərbaycan Belarusdan öyrəndiyi halda, bu gün biz idmanın çox növləri üzrə Azərbaycandan öyrənməli olacağıq. Ümumiyyətlə, biz qoçaq adamlarıq. Rioda siz çox ləyaqətlə çıxış etdiniz və bu, çox cəhətdən sizin keçirdiyiniz Avropa Oyunları sayəsində mümkün oldu. Bildiyiniz kimi, həm sizin Prezident, həm də mən eyni zamanda Milli Olimpiya komitələrinin prezidentləriyik. Bu gün idman həm Azərbaycan Prezidentinin həyatında, həm də mənim həyatımda mühüm yer tutur və xüsusi rol oynayır. Biz öz vətəndaşlarımızda idmana həm maraq, həm də sevgi aşılayırıq.

Prezidentin dediyi kimi, bizim münasibətlərimizdə, ümumiyyətlə, qapalı mövzu yoxdur və biz kiminsə əleyhinə dostluq etmirik, bizim buna ehtiyacımız yoxdur. Biz öz dövlətlərimizin və xalqlarımızın inkişafı naminə dostluq edirik. Biz istəyirik ki, gördüyümüz işlərin müqabilində bizim insanların təşəkkürünə layiq olan iz qoyaq. Biz bunu da gizlətmirik. Odur ki, kənd təsərrüfatından başlamış hərbi-sənaye kompleksinə qədər heç bir qapalı mövzu yoxdur. Biz bu sahələrdə həmişə əməkdaşlıq etmişik və hər hansı maneələrə, əngəllərə və rəqabətə baxmadan əməkdaşlıq edəcəyik. Mən dostum, həmkarım Azərbaycan Prezidentini onun üçün münasib olan istənilən vaxtda bizə, Belarusa rəsmi səfərə dəvət edirəm. İlham Heydər oğlu, biz Sizi Belarusda ən yaxın, bizə doğma insan kimi gözləyəcəyik. Siz həmişə, nə qədər çətin olsa da ən mürəkkəb məqamlarda nəinki kömək etməyə hazır olmusunuz, həm də kömək etmisiniz. Mən fəxr edirəm ki, bizim aramızda bu cür xeyirxah dostluq münasibətləri yaranıb.

Bizim nümayəndə heyətini bu gözəl şəhərə - son vaxtlar praktiki olaraq ən müasir səviyyəyə çatdırdığınız şəhərə dəvət etdiyinizə görə Sizə bir daha təşəkkür edirəm. Mən artıq demişəm ki, buraya tez-tez gələndə gördüyüm hər şeyə həsəd aparıram. Sizin yaratdıqlarınıza həsəd aparıram və bu, çox vaxt məni bizim həll etməli olduğumuz problemlərdən yayındırır. Afərin Sizə. Sizin gördüyünüz bütün işlər ciddi şəkildə öyrənilməyə və bizim Vətənimizdə həyata keçirilməyə layiqdir. Bunlar ömürlük qalan abidələrdir. Xırda şeyləri xalqlar unudur, amma bunlar hamısı qalır. Sizin etdiklərinizi biz məmnuniyyətlə Sizdən öyrənəcəyik. Yeri gəlmişkən, biz uçuş-enmə zolağı tikirik. O vaxt razılaşdığımız kimi, bizim mütəxəssislər buraya gəliblər. Sağ olun ki, siz bu təcrübəni gizlətmədiniz. Siz bir sıra idman obyektləri üzrə öz layihələrinizi bizə göstərirsiniz və biz onları Belarus şəraitinə uyğunlaşdırır, onlara oxşar obyektlər yaradırıq. Bunu təkrar etmək, əlbəttə, çətindir. Burada Şərq koloriti, Qafqaz koloriti var. Qadınların xətrinə dəyməsin, Qafqazda əsl kişi koloriti var.

Sağ olun, İlham Heydər oğlu, biz bu istiqamətdə irəliləyəcəyik və əminəm ki, nazirlərimiz bizi dəstəkləyəcəklər.

X X X

Prezident İlham ƏLİYEV dedi:

-İcazə verin, Aleksandr Qriqoryeviçə xalqımız, ölkəmiz haqqında dediyi xoş sözlərə görə bir daha minnətdarlığımı bildirim. Bunu dostdan eşitmək həmişə xoşdur, xüsusilə də əgər bunun səmimi olduğunu bildikdə. Bunu müasir, dinamik, özünü təmin edən, effektiv dövlət quran, çoxlarının qibtə etdiyi və etməli olduğu ölkənin başçısından eşitmək ikiqat xoşdur. Belarusun indi gözəl ölkə olmasında Aleksandr Qriqoryeviçin xüsusi rolunu qeyd etmək istərdim. Mən Azərbaycanın bütün vətəndaşlarına Minskə və Belarusun digər şəhərlərinə getməyi, əvvəla Belarus xalqının səmimiyyətini görməyi tövsiyə edirəm. Bu münasibəti görən hər kəs bu xalqın saflığından, alicənablığından və mehribanlığından heyrətə gəlir. İstərdim ki, hamı bu gün həm memarlıq, həm infrastruktur, həm təmizlik, həm də abadlıq baxımından Avropanın ən yaxşı paytaxtlarından biri olan gözəl Minsk şəhərini görsün, yaradılan müəssisələrə baş çəksin.

Siz Sovet İttifaqında mövcud olan ən yaxşını qoruyub saxlamısınız və artırmısınız, buna yeni təkan vermisiniz. Əlbəttə ki, Belarusu bu ölkədə ikinci Avropa Oyunlarının keçiriləcəyi münasibətilə təbrik etmək istərdim. Fikrimcə, bu da rəmzidir. Çünki Aleksandr Qriqoryeviç qeyd etdi ki, biz Olimpiya komitələrinin prezidentləriyik. Ancaq yəqin ki, bilmir, ya da buna əhəmiyyət verməyib, biz onunla Olimpiya komitələrinə eyni ildə başçılıq etməyə başlamışıq - 1997-ci ildə. Düşünürəm ki, bu da həm Belarus, həm də Azərbaycan üçün idmanın inkişafı baxımından dönüş ili oldu. Bu gün Belarus iri idman məmləkətidir. Biz də belaruslulardan geri qalmamağa çalışırıq, həmçinin idman sahəsində əlaqələrimizin möhkəmləndirilməsində əməkdaşlıq edirik. Əlbəttə, həm birinci, həm ikinci Avropa Oyunlarının keçmiş Sovet İttifaqı ölkələrində - keçmiş SSRİ-nin ən uğurlu ölkələrində keçirilməsi də yəqin ki, rəmzi xarakter daşıyır. Düşünürəm ki, bu, bizim ölkələrimizin xidmətlərinin tanınmasıdır. Çünki ölkələrimiz müstəqil dövlət kimi gəncdir - cəmi 25 il. Bu illər ərzində biz ən yüksək zirvələr fəth etmişik və istənilən səviyyədə tədbirlər keçirmək qabiliyyətinə malik olduğumuzu göstərmişik. Əminəm ki, ikinci Avropa Oyunları birincidən pis keçməyəcək. Çünki təcrübə, apardığınız təşkilati işlər, bu cür tədbirlərin təşkilinə göstərdiyiniz cəhdlər qarşıdakı Oyunların unikal olacağını deməyə imkan verir. Siz təkcə Belarus xalqının qəlbini deyil, həm də müasir Belarusun güclü, müstəqil, layiqli dövlət olduğunu bütün Avropaya nümayiş etdirəcəksiniz. Çox sağ olun!

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Azərbaycan və Belarus prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər [YENİLƏNİB] VİDEO

Prezident İlham Əliyev: Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçirirlər YENİLƏNƏCƏK CANLI

Bakı dairəvi avtomobil yolunun bir hissəsində təmir işləri başa çatıb

Prezident İlham Əliyevin Berlində Kansler Olaf Şolts ilə geniş tərkibdə görüşü keçirilib   YENİLƏNİB

MEK əməkdaşları beynəlxalq konfransda məruzə ediblər

Azərbaycan millisinin voleybolçusu Macarıstanda daha bir medal qazanıb

Çin kosmosa yeni astronavtlar göndərir

Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası Balakəndə

® “GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək

Mahir Məmmədov: Gələn il bütün şahmatçılar Azərbaycan çempionatında iştirak edəcəklər

Finalda uduzan şahmatçı: İkinci yer də böyük uğurdur

General-polkovnik: Türkiyə-Rusiya hərbçiləri koordinasiyalı fəaliyyətin bariz nümunəsini sərgiləyiblər

Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib

Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB

ETX “Məktəblinin dostu” layihəsinin regionlardakı əməkdaşları üçün təlim keçib

Prezident İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü olub YENİLƏNİB

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələrinin sədrləri Xankəndi şəhərinə gəliblər

ABŞ Prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini: Azərbaycan COP29-la bağlı çox güclü komandaya malikdir - MÜSAHİBƏ

Alman mühəndis: Kosmik çəkilişlərin 50 faizi aqrar sektor üçün istifadə olunur

Ölkə ərazisində sabit hava şəraiti davam edəcək

Azərbaycan çempionu: Bu nəticədən sonra millidə çıxış edə bilərəm

“Bilim hər yerdə” layihəsi Laçında

“Rehabus” layihəsi üzrə əlilliyi olan 1400-dən çox şəxsə xidmət göstərilib

CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb

AFFA Premyer Liqanın 6 klubunu cərimələyib

Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb

Şöbə müdiri: Azərbaycan əhalisi ÜST-nin tövsiyəsindən üç dəfə çox şəkər qəbul edir

Azərbaycan çempionatında yer tutan şahmatçılar mükafatlandırılıblar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib  YENİLƏNİB-2 VİDEO

Professor Kamran İmanov: Bizim eranın XVII əsrinə qədər Qərbi Azərbaycanda erməni izi olmayıb

Bakıda “Qida Təhlükəsizliyi” simpoziumu keçirilib

Səfir: İmzalanan sənədlər Qırğızıstanla Azərbaycan arasındakı əməkdaşlığın perspektivlərindən xəbər verir

Kamran İmanov: İşğaldan azad edilmiş ərazilərdə Agentlik tərəfindən hələ ki tədqiqat aparılmır

BDU məzunları dövlət qulluğu imtahanlarında ən yüksək nəticə göstəriblər

Kərim Vəliyev: Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz vəzifə və tapşırıqlarının öhdəsindən layiqincə gəldi

Professor Kamran İmanov: Müəlliflik olmayan yerdə əqli mülkiyyət də yoxdur

Mingəçevir Dövlət Universiteti ilə Riyaziyyat və Mexanika İnstitutu arasında əməkdaşlıq əlaqələri güclənir

Tədqiqat: Qadın həkim öz həmcinslərini kişi həmkarından daha yaxşı müalicə edir

“Yallı: güc, harmoniya və birlik simvolu” - məktəblilər üçün tədbir

DSMF: Fərdi uçot sistemində sığortaedənlərin sayı 0,74 faiz artıb

Yasamal rayonunda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb

Prezident: Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır

Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir

Fərid Şəfiyev: Azərbaycan və Qırğızıstan gəncləri arasında əlaqələrin gücləndirilməsi vacibdir

“Yaşıl iqtisadiyyat, rəqəmsal Azərbaycan” – UNEC-də ictimai müzakirə

Prezident: Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir

Kişi və qadın həndbolçular arasında Azərbaycan çempionatlarında növbəti oyunların təqvimi açıqlanıb

Azərbaycan klubu iki basketbolçu ilə yollarını ayırıb

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Ramizə Məmmədli

Azərbaycan Prezidenti: Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edəcək

Masallının bir sıra kəndlərinə elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Ali Məclisin Sosial siyasət komitəsinin iclası keçirilib

Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq

Beynəlxalq “İKT-də Qızlar” Günü ilə bağlı forum keçirilib

Qarabağda yayılan nadir, endemik və dərman bitkiləri tədqiq edilib

Azərbaycan Prezidenti: Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər

ABŞ-da yaşayan soydaşımız Ədəbiyyat Muzeyində olub

Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək VİDEO

XİN: Avropa Parlamenti tərəfindən qəbul olunan qətnamə Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyəti açıq şəkildə təhrif edir

Prezident: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyik

Azərbaycan Prezidenti: COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz yaşıl enerji sahəsində gördüyümüz işlərin tanınmasıdır

“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilib

Prezident İlham Əliyev: Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var VİDEO

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib

Ombudsman: Əqli mülkiyyət hüququnun qorunması mədəniyyəti termini tələbələr, gənc hüquqşünaslar arasında geniş yayılmalıdır

Türkiyənin dəstəyi ilə Azərbaycanda yaradılması nəzərdə tutulan etalon laboratoriyalarına baxış keçirilib

Keçmiş haker və “Apple” əməkdaşı “iPhone” və “Mac”ın müdafiəsi üçün startap yaradıblar

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsinə görə 6 nəfər saxlanılıb

Prezident İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir VİDEO

Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək

Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək

İşə qəbul zamanı və sürücülük vəsiqəsi əldə etmək üçün tələb olunan tibbi arayışlar elektronlaşdırılıb

Paytaxt məktəblərində maarifləndirici görüşlər keçirilir

Beynəlxalq ekspert Azərbaycanın “Arbitraj haqqında” Qanunu ilə bağlı fikirlərini açıqlayıb

Antoni Blinken bu gün Pekində Si Cinpinlə görüşəcək

Amerikalı basketbolçu: Azərbaycanda istedadlı oyunçular çoxdur - MÜSAHİBƏ

Ulu Öndərin doğum günü münasibətilə geniş konsert proqramı hazırlanıb

XİN-in mətbuat katibi BDU-nun Jurnalistika fakültəsində olub

Akademik Zərifə Əliyevanın nəcib niyyəti, xeyirxah əməlləri ona əbədiyaşarlıq qazandırıb

Gənclər Kitabxanasında sərgi - Ziyarətə çevrilmiş ocaq

Ayın üzərində ilk reklam yerləşdirilib

Azərbaycanın kukla sənəti ustaları Türkiyədə beynəlxalq festivalda iştirak edirlər

Matteo Vittuari: Biz qida sistemi üzərində mərkəzlənən perspektiv və yanaşma qəbul etməyi məqsəd tuturuq

Mahir Emreli Zaqrebdə Azərbaycan cüdoçularına dəstək olub

Ağdamda əmək yarmarkasında 200-dən çox vakansiya təklif olunur

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsinə sayılı günlər qalıb

Bakı Ali Neft Məktəbində MBA ixtisasları üzrə qəbul sayı artırılıb

“İMZA” və ATİB yeni layihələrə imza atacaq

Fövqəladə Hallar Nazirliyi Lənkəran Beynəlxalq Hava Limanında təlim keçirib VİDEO

BMU-da X-XI sinif şagirdləri üçün müsabiqəyə start verilir

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olunub

Qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu davam edir

Xidmət müddəti başa çatmış əsgərlərin yolasalma mərasimləri başa çatıb

“Neftçi” klubunun apellyasiya şikayəti təmin edilməyib

Qazaxıstanda 25 min nəfər daşqınlarla mübarizəni davam etdirir

Sankt-Peterburq Filarmoniyasında “Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi təşkil olunub

XRİTDX-nin nümayəndəsi Vyanada keçirilən konfransda iştirak edib

Moskva görüşü Azərbaycanın Rusiya ilə eyni hüquqlu dövlət olduğunu bir daha sübut etdi ŞƏRH