MƏDƏNİYYƏT
Azərbaycan və Dünya Turizm Təşkilatı arasında əməkdaşlığın perspektivləri müzakirə edilmişdir
Bakı, 28 aprel (AZƏRTAC). Bakıda keçirilən 10-cu Yubiley Azərbaycan Beynəlxalq turizm və səyahətlər və 2-ci Ümumrespublika daxili turizm sərgilərində iştirak edən Dünya Turizm Təşkilatının (DTT) nümayəndələri Dmitri İlyin və Alla Peresolova aprelin 28-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ilə görüşmüşlər.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, görüş zamanı tərəflər Azərbaycanın Dünya Turizm Təşkilatı ilə əməkdaşlığının hazırkı vəziyyətini və inkişaf perspektivlərini müzakirə etmişlər. Bildirilmişdir ki, DTT ilə əməkdaşlıq çərçivəsində növbəti iki ildə Azərbaycanda turizm sahəsi üzrə statistika seminarlarının keçirilməsi nəzərdə tutulmuşdur. İlk seminarın təşkili 2011-ci ilin oktyabr ayına planlaşdırılır.
Bundan əlavə, tərəflər bu il mayın 19-da Las-Veqasda (ABŞ) keçiriləcək Dünya turizm sammiti çərçivəsində mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin Dünya Turizm Təşkilatının baş direktoru Taleb Rifai ilə görüşünün təşkilinin mümkünlüyünü və həmçinin “İpək Yolu” proqramı çərçivəsində əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə etmişlər.