İQTİSADİYYAT
Azərbaycan və Kolumbiya gömrükdə İKT-nin tətbiqinə dair təcrübə mübadiləsi aparacaq
Bakı, 3 noyabr, AZƏRTAC
Azərbaycan və Kolumbiya gömrükdə informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə dair təcrübə mübadiləsi aparacaq.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Kolumbiya Respublikasında səfərdə olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev Kolumbiyanın informasiya və kommunikasiya texnologiyaları naziri David Luna ilə görüşüb.
Görüşdə iki ölkə arasındakı mövcud əlaqələrdən, qarşılıqlı münasibətlərin inkişaf perspektivlərindən bəhs edilib.
Kolumbiyanın informasiya və kommunikasiya texnologiyaları naziri David Luna Azərbaycan nümayəndə heyətinin ölkəsinə səfərindən məmnunluq duyduğunu, bu səfərin iki ölkə arasındakı münasibətlərin daha da inkişafına şərait yaradacağına ümidvar olduğunu bildirib.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Azərbaycanda son illər əldə edilən iqtisadi uğurlardan bəhs edərək bildirib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi davamlı iqtisadi inkişaf strategiyası hesabına ölkəmiz regionda və dünyada stabil, tərəqqipərvər məkan kimi tanınıb. Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar barədə məlumat verən komitə sədri, müxtəlif sahələrdə, o cümlədən gömrük xidmətində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi nəticəsində əldə edilən nailiyyətlərdən danışıb.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib, eyni zamanda, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi sahəsində təcrübə mübadiləsinin tərəflər üçün faydalı olacağına əminlik ifadə olunub.