CƏMİYYƏT
Azərbaycan və Özbəkistanın ombudsman təsisatları arasında əməkdaşlıq əlaqələri müzakirə olunub
Bakı, 17 iyun, AZƏRTAC
Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Özbəkistan Respublikasının Ali Məclisinin İnsan Hüquqları üzrə Müvəkkili Feruza Eşmatova ilə görüşüb.
Ombudsman Aparatının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə iki ölkənin tarixi dostluq və qardaşlıq münasibətlərindən danışılıb, ombudsman təsisatları arasında davamlı əməkdaşlıq əlaqələrinin mövcud olduğu qeyd edilib.
Görüşdə Azərbaycan ombudsmanı mandatı və fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verib.
Ombudsman Vətən müharibəsi dövründə Ermənistan ordusunun Azərbaycanın mülki əhalisini hədəfə alan hücumları ilə bağlı həyata keçirdiyi faktaraşdırıcı missiyalar çərçivəsində hazırladığı insan hüquqlarına dair xüsusi hesabatlar barədə danışıb.
Qeyd olunub ki, azad edilmiş ərazilərdə Ermənistan tərəfindən işğal dövründə basdırılmış minalar orada normal həyatın bərpa olunmasına çox ciddi problemlər yaradır, regionda sülh və sabitliyə təhdid yaradır. Ombudsman işğaldan azad edilmiş ərazilərdə müharibədən sonra mina partlayışı nəticəsində çox sayda insanın həlak olduğu və yaralandığını diqqətə çatdırıb.
Feruza Eşmatova öz növbəsində Özbəkistan Ombudsman Aparatının fəaliyyəti haqqında məlumat verib. O, iki qurum arasında səmərəli əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə hazır olduğunu qeyd edib.
Tərəflər qurumlar arasında yeni ikitərəfli memorandumun imzalanması ilə bağlı razılıq əldə ediblər.