REGİONLAR


Azərbaycan və onun ayrılmaz hissəsi olan Naxçıvanı bir-birinə bağlayacaq “Ümid körpüsü” - REPORTAJ VİDEO

Füzuli, 20 fevral, Aydın Yavərzadə, AZƏRTAC

Qırx dörd günlük şanlı Zəfər yürüşündə işğaldan azad edilən ərazilərimizdə infrastruktur işlərinə start verilib. Prezident İlham Əliyevin təməlini qoyduğu Horadiz-Ağbənd dəmir yolu xətti yaxın gələcəkdə yenidən fəaliyyətə başlayacaq.

AZƏRTAC-ın bölgə müxbiri Füzuliyə səfər edib, Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlinin atıldığı yerdə olub.

Ələt-Culfa xətti üzərində olan Horadiz-Ağbənd dəmir yolu erməni işğalı nəticəsində dağıdılmış və həmin istiqamətdə qatarlar 1993-cü ildən fəaliyyətini dayandırmışdır. 1994-cü ildə uğurlu Horadiz əməliyyatı nəticəsində Füzulinin 22 kəndi və Horadiz şəhəri işğaldan azad edildi. Bundan sonra qatarlar Horadizdə eyniadlı stansiyaya qədər işləməyə başladı.

Ötən il Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusu Vətən müharibəsində düşmənin belini qıraraq ona sarsıdıcı zərbə vurdu. Qəhrəman Azərbaycan əsgəri rayonlarımızı, o cümlədən strateji əhəmiyyətə malik olan bu dəmir yolu xəttini də əsl sahiblərinə qaytardı.

Uzun illər Horadiz-Ağbənd dəmir yolu xəttinin işçisi olan Soltan İsmayılov təcrübəli dəmiryolçudur. O, bərpa ediləcək bu xətti “Ümid körpüsü” adlandırır. Bildirir ki, vaxtilə bu dəmir yolu xətti üzərindən hər gün yük və sərnişin qatarları hərəkət edirdi: “Sərnişin qatarları Mincivana, İrəvana qədər gedirdi. Horadizdən sonra “Böyük Mərcanlı”, “Mahmudlu”, “Soltanlı”, “Xələfli”, “Qumlaq”, “Akara”, “Xurama” və “Mincivan” stansiyaları gəlirdi. Lakin düşmən bu stansiyaları da dağıdıb. Hətta Culfaya uzanan yol Tehrandan da keçirdi. Buna görə də bu dəmir yolu hər zaman strateji əhəmiyyətə malik olub. Beynəlxalq əhəmiyyətə malik bu xətt, eyni zamanda, uzun fasilədən sonra Azərbaycan və onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasını dəmir yolu ilə bir-birinə bağlayacaq və ölkəmizin sərhədləri arasında “Ümid körpüsü” olacaq”.

Otuz ilə yaxındır işlək olmayan Horadiz-Ağbənd dəmir yolu xəttinin ümumi uzunluğu 100 kilometrdir. Bu nəqliyyat infrastrukturu Azərbaycan vətəndaşlarının azad olunmuş torpaqlara gediş-gəlişində, yüklərin daşınmasında da əhəmiyyətli rol oynayacaq. Həmçinin Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa dəmir yolu əlaqəsinin yaranmasına böyük töhfə verəcək.

Füzuli Rayon İcra Hakimiyyətinin əməkdaşı Bayram Niftəliyev deyir ki, dəmir yolu xəttinin təməlinin qoyulduğu yer Horadiz stansiyası olacaq. Tam gücü ilə fəaliyyət göstərəndə həm Qərbdən-Şərqə, həm də Şərqdən-Qərbə Azərbaycan ərazisindən yüklərin daşınmasına imkan verəcək. Bir sözlə, Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.