SİYASƏT
Azərbaycan xarici işlər naziri Nyu-Yorkda ikitərəfli görüşlər keçirib VİDEO
Nyu-York, 26 sentyabr, AZƏRTAC
Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Məclisinin 70-ci sessiyası çərçivəsində San-Marinonun xarici işlər naziri Paskal Valentini, Uruqvayın xarici işlər naziri Rodolfo Nin Novoa və Albaniyanın xarici işlər naziri Ditmir Buşati ilə görüşüb.
San-Marino xarici işlər naziri ilə görüşdə iki ölkə arasında müxtəlif sahələrdə ikitərəfli əməkdaşlıq imkanlarına dair müzakirələr aparıldı. Görüşdə Azərbaycan Respublikası və San-Marino arasında “Sərmayələrin təşviqi və qarşılıqlı qorunması” haqqında Saziş imzalandı.
Uruqvayın xarici işlər naziri Rodolfo Nin Novoa ilə görüşdə iki ölkə arasında mövcud əməkdaşlıq istiqamətləri nəzərdən keçirildi. İki ölkə arasında siyasi dialoqun inkişafında Uruqvay xarici işlər nazirinin müavini Xose Luis Kanselanın bu ilin sentyabrında Azərbaycana məhsuldar səfəri və xarici işlər nazirlikləri səviyyəsində siyasi məsləhətləşmələrin aparılmasının əhəmiyyəti qeyd edildi. Rodolfo Nin Novoa ölkəsinin 2016-2017-ci illər üzrə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə namizəd olduğunu qeyd edərək, Azərbaycanın BMT TŞ-də 2012-2013-cü illərdə qeyri-daimi üzvlüyü zamanı əldə etdiyi təcrübəsinin Uraqvay ilə bölüşməsindən məmnunluq duyacaqlarını bildirdi.
Nazir Elmar Məmmədyarov Azərbaycanın xarici siyasətində Latın Amerikası ölkələri ilə əməkdaşlığa xüsusi əhəmiyyət verildiyini qeyd edərək, Azərbaycan və Uruqvay arasında əməkdaşlığın inkişafı üçün xüsusilə enerji və kənd təsərrüfatı sahələrində əlverişli imkanların olduğunu diqqətə çatdırdı. Uruqvaylı həmkarını Azərbaycana səfərə dəvət edən nazir, bunun ölkələrimiz arasında gələcək əməkdaşlıq üçün yaxşı imkan ola biləcəyini bildirdi. Uruqvaylı nazir dəvəti məmnuniyyətlə qəbul etdi. Görüşdə qarşılıqlı maraq kəsb edən məsələlər müzakirə olundu.
Albaniyanın xarici işlər naziri Ditmir Buşati ilə görüşdə də iki ölkə arasında əlaqələrin inkişafından məmnunluq ifadə olunaraq, ikitərəfli və çoxtərəfli əsasda əməkdaşlıq məsələləri müzakirə edildi. Albaniyalı nazir ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanların mövcudluğunu qeyd edərək, xüsusilə enerji sahəsində strateji əməkdaşlıq üçün əlverişli şəraitin olduğunu bildirdi. İkitərəfli əlaqələrin inkişaf etdirilməsi baxımdan yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyəti qeyd olundu.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Nyu-York