İQTİSADİYYAT
Azərbaycana həsr edilən növbəti seminar yapon iş adamları tərəfindən maraqla qarşılanıb
Tokio, 12 yanvar, AZƏRTAC
Yaponiyanın Çiba şəhərində təşkil olunan “Azərbaycan - gələcəyin ölkəsi” adlı növbəti seminar yapon iş adamları tərəfindən maraqla qarşılanıb.
“World İnvestors TV” internet televiziyasının prodüseri, tanınmış iqtisadçı ekspert Kazuyasu İşida bildirib ki, martın 4-dən 7-dək yapon iş adamlarından ibarət növbəti qrupun Azərbaycana işgüzar səfəri planlaşdırılır. Seminarın təşkilində məqsəd həmin iş adamlarını, həmçinin tədbirə qatılan digər iştirakçıları regionun dinamik inkişaf edən bu ölkəsi haqqında ətraflı məlumatlandırmaqdır.
Yüzədək yapon iş adamının qatıldığı seminarda Azərbaycanın iqtisadiyyatı haqqında məlumat verilib, son illər müşahidə olunan inkişaf barədə danışılıb. Bildirilib ki, Azərbaycanda karbohidrogen ehtiyatların hasilatından əldə edilən mənfəət iqtisadiyyatın tərəqqisinə bacarıqla yönəldilir. Nəticədə ölkə iqtisadiyyatı sürətlə inkişaf edir.
Ötən ilin sonlarında nəşr olunan “Yaponların tanımadığı, sürətlə inkişaf edən ölkə - Azərbaycan” kitabı barədə iştirakçılara məlumat verən K.İşida burada icra edilən nəhəng “Zira Island”, “Baku White City”, “Khazar Islands” layihələrindən söz açıb. İqtisadiyyatın şaxələndirilməsi istiqamətində də mühüm layihələrin həyata keçirildiyini vurğulayan ekspert ölkədə yapon şirkətləri ilə əməkdaşlığa böyük maraq olduğunu qeyd edib.
Seminarda Azərbaycanda biznes imkanları, ölkəmizə investisiya qoyuluşunun əlverişliliyi barədə məlumat verilib. Qeyd edilib ki, son illər bu istiqamətlərdə mühüm irəliləyişə nail olunub. Qanunvericilik sahəsində aparılmış islahatlar, xarici investorlar üçün sadələşdirilmiş prosedurlar, “Vahid pəncərə” sisteminin tətbiqi kiçik və orta sahibkarlığın təşviqində əhəmiyyətli rol oynayıb.
Seminarda Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, TANAP və TAP layihələri barədə geniş məlumatlar da iştirakçıların diqqətinə çatdırılıb. Azərbaycanın bu il birinci Avropa Oyunlarına ev sahibliyi edəcəyi vurğulanıb.
Sonda iştirakçıların sualları cavablandırılıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio