ELM VƏ TƏHSİL
Azərbaycanda dövlət qulluqçularının peşəkar inkişafının təmini istiqamətində lazımi işlər görülür
Bakı, 26 sentyabr, AZƏRTAC
Sentyabrın 21-22-də Ukraynanın Odessa şəhərində “Dövlət qulluqçularının və yerli idarəetmə orqanlarının əməkdaşlarının peşəkarlığının artırılması – problemlər, məqsədlər və perspektivlər” mövzusunda konfrans təşkil olunub.
Dövlət İmtahan Mərkəzindən (DİM) AZƏRTAC-a bildiriblər ki, tədbir Avropa İttifaqının Şərq Tərəfdaşlıq Proqramının dövlət idarəçiliyi islahatları paneli nəzdində fəaliyyət göstərən “Demokratiya, yaxşı idarəçilik və sabitlik” platforması çərçivəsində Ukraynanın Dövlət Qulluğu üzrə Milli Agentliyinin, Dövlət Qulluğu üzrə Adaptasiya Mərkəzinin, Ukrayna Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, Odessa Regional Şurasının birgə təşkilatçılığı ilə reallaşdırılıb.
Konfransın təşkilinin əsas məqsədi dövlət qulluqçularının peşəkarlığının artırılması üçün vahid konsepsiyanın ilkin layihəsinin hazırlanması, Şərq Tərəfdaşlığı ölkələrində bu istiqamətdə görülən işlərin, yaxşı təcrübələrin təqdim olunması, peşəkar inkişaf səviyyəsinin daha da yüksəldilməsi üçün görülə biləcək işlər, yeni, innovativ təlim metodlarının və təlim modullarının hazırlanması ətrafında müzakirələrin aparılması olub.
Ukraynanın müxtəlif dövlət orqanlarının, Şərq Tərəfdaşlığı ölkələrinin dövlət qulluğuna məsul olan qurumlarının, təhsil müəssisələrinin, beynəlxalq təşkilatların, digər dövlətlərin nümayəndələrinin qatıldıqları tədbirdə respublikamızı Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurası sədrinin müavini Bəhram Xəlilov, təşkilat şöbəsinin imtahanların təşkili və idarə edilməsi sektorunun müdiri Hidayət Zeynalov, strateji inkişaf şöbəsinin beynəlxalq əməkdaşlıq sektorunun aparıcı məsləhətçisi Tural Əlizadə təmsil ediblər.
Konfrans plenar sessiyalar formasında təşkil olunub. Birinci plenar sessiyada Ukraynanın Dövlət Qulluğu üzrə Milli Agentliyinin sədri Konstiantin Vaşenko “Dövlət qulluqçularının, yerli idarəetmə orqanlarının əməkdaşlarının peşəkarlığının artırılması üzrə həyata keçirilən islahatların əsas prinsipləri” mövzusunda təqdimatla çıxış edib. K.Vaşenko son illərdə Ukraynanın dövlət idarəçiliyi sistemində, xüsusilə də dövlət qulluğu sahəsində aparılan köklü islahatlar haqqında məlumat verib.
Agentliyin sədri daha sonra Ukraynada dövlət qulluqçularının peşəkarlığının artırılması istiqamətində görülən işlər, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi, beynəlxalq qurumlarla əməkdaşlığın daha da genişləndirilməsi barədə məruzə ilə çıxış edib.
Tədbirdə çıxış edən B.Xəlilov Azərbaycanda dövlət qulluqçularının peşəkar inkişafının təmini istiqamətində bu günədək görülən işlər, aparılan islahatlar, həyata keçirilən beynəlxalq layihələr, təlimlər çərçivəsində reallaşdırılan fəaliyyətlər, ölkəmizin bu istiqamətdə əməkdaşlıq etdiyi beynəlxalq təşkilatlar haqqında məlumat verib.
Tədbirin ikinci plenar sessiyasında DİM-in əməkdaşı T.Əlizadə “Azərbaycanda dövlət qulluqçularının peşəkarlığının artırılması və dövlət qulluğunda təlimlər” mövzusunda təqdimatla çıxış edib. O, dövlət qulluqçularının peşəkar inkişafı, əlavə təhsili sahəsində Azərbaycanda mövcud olan qanunvericilik bazası, əlavə təhsilin növləri, bu sahədə dövlət tərəfindən göstərilən maliyyə dəstəyi, dövlət qulluqçularının potensial quruculuğu istiqamətində görülən işlər, həyata keçirilən beynəlxalq layihələr, dövlət qulluqçuları üçün müxtəlif mövzularda təlimlərin təşkili, standart təlim kurikulumlarının tərtib edilməsi barədə ətraflı məlumat verib.