CƏMİYYƏT
Azərbaycanda koronavirusa yoluxmalarda müşahidə edilən artım narahatlıq üçün əsas olmalıdır
Bakı, 29 yanvar, AZƏRTAC
Tibb sahəsində çalışan alimlər və həkimlərin səylərinə baxmayaraq, koronavirus infeksiyası və onun fəsadları dünyada hələ də hökm sürməkdədir. Ötən bir neçə ayda yoluxma sayında nisbətən azalma olsa da, qlobal səviyyədə yoluxma sayı yenidən sürətlə artmaqdadır. Ölkələrin, eyni zamanda, vətəndaşların ötən dövrdə topladığı təcrübəyə baxmayaraq, koronavirusun yeni ştamına yoluxanların sayındakı ciddi artım böyük narahatlıq doğurur. Statistik rəqəmlərə diqqət etsək, Rusiyada hətta uşaqlar arasında yoluxma kəskin çoxalıb. İki həftə əvvəl Moskvada COVID-19-a yoluxmuş uşaqların sayı 2 min idisə, indi bu rəqəm 28 mini ötüb. İki həftə ərzində uşaqlar arasında yoluxma sayının 14 dəfə artması yeni ştamın yayılma imkanlarını aydın izah edir. Avropa ölkələrində vəziyyət daha kritikdir. Fransada son günlər yeni antirekordlar – sutka ərzində 500 min yoluxma qeyd alınır. Rumıniyada da sutka ərzində yoluxma ən yüksək həddə çatıb. Qonşu Gürcüstanda yoluxmanın statistikası vəziyyətin daha da gərgin olduğunu göstərir. Yanvarın əvvəlində gündəlik yoluxma sayı 2 min idisə, son bir neçə gündə bu rəqəm 17 minə çatıb.
Bu sözləri AZƏRTAC-a açıqlamasında “İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə deyib.
O bildirib ki, aparılan təhlillərə görə, bütün ölkələrdə yoluxmanın yeni dalğası başlayır. Azərbaycanda da yoluxmalarda müşahidə olunan artım narahatlıq üçün əsas olmalıdır. İlin əvvəlində gündəlik yoluxmaların sayı 350-500 idisə, artıq bir neçə gündür koronavirusa yoluxanların sayı 3 mini ötüb. Yaxın vaxtda ümumi sayda artım müşahidə olunacağı aydın görünür. Yoluxmanın yeni dalğası bir neçə səbəbdən baş verə bilər. Bu səbəblərdən biri “omikron” ştamının genetik xüsusiyyətləri ilə bağlıdır və buna görə yoluxma artan xətt üzrə davam edir.
“Fikrimcə, başqa səbəb ondan ibarədir ki, həm Azərbaycanda, həm də digər ölkələrdə vətəndaşların ikinci dozanı almalarından təqribən 6-7 ay keçir. Tibb mütəxəssislərinin də öncədən qeyd etdiyi kimi, ikinci vaksinasiyadan sonra möhkəmləndirici dozanın alınması vacibdir. Azərbaycan ilkin mərhələdə vaksinasiyanı 70-80 faizlə yüksək səviyyədə həyata keçirə bilir. Aparılan araşdırmaları nəzərə alaraq, növbəti mərhələdə “buster” dozanı qəbul etmək vacibdir. Eyni zamanda, onu da qeyd etməliyik ki, fevralın 15-dən ikinci dozadan 6 ay keçən vətəndaşların “Peyvənd sertifikatı”nın müddəti bitir. Bu səbəbdən həmin tarixdən etibarən tibbi müəssisələrdə növbə və sıxlıq yaranmamasına görə əvvəlcədən tibb məntəqələrinə gedərək “buster” dozanı vurdurmaq lazımdır. Azərbaycan pandemiya ilə mübarizədə əhalinin sağlamlığının qorunması baxımdan ən uğurlu nəticələrə nail olmuş ölkələrdən sayılır. Bunun səbəbi pandemiya ilə mübarizədə kompleks tədbirlərin görülməsidir. Xüsusən də dünyada vaksinləşmə prosesi başlayan kimi, Azərbaycanın peyvənd əldə etməsi və əhalinin vaksinasiyası üçün səfərbər olması ilə bağlıdır. Hesab edirəm ki, ötən təcrübədən yararlanmaqla pandemiyadakı növbəti mərhələni birlikdə daha yüngül formada keçə bilərik”, - deyə Cəsarət Hüseynzadə qeyd edib.