REGİONLAR
Azərbaycanda yeni quş növü tapılıb
Naxçıvan, 12 fevral, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasının yaşıllıq ərazilərinin 0,6 faizdən 20 faizə çatdırılması, ekoloji mühitin, flora və faunanın qorunması istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi, burada yeni heyvan və quş növlərinin aşkar edilməsinə yol açıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun əməkdaşı Hüseyn Rəsulzadə Araz su anbarının aşağı hissəsinin sol sahil düzənliyində tədqiqatları nəticəsində ilk dəfə olaraq Azərbaycan, o cümlədən Naxçıvan Muxtar Respublikası faunası üçün yeni quş növünü – Bozumtul çalağanı aşkar edib.
Bozumtul çalağan yırtıcı quş olub qırğılar fəsiləsinə mənsubdur. Ədəbiyyat məlumatlarına görə, faunamızın yeni sakini Afrikada, İspaniyanın cənubunda, Hindistanda açıq landşaftlarda, otlu düzlərdə və seyrək meşəliklərdə az saylı növ olub, oturaq həyat tərzi keçirir. Orta boylu quşun kütləsi 220-250 qramdır. Mavi göyümtül kürək, açıq kül rəngli boz döş, xüsusən uçuş zamanı aydın nəzərə çarpan tünd qırmızı gözlər çalağanı cinsin digər növlərindən fərqləndirən əsas əlamətlərdir. Fəal ovçu olan qırğı qidasını başlıca olaraq gəmiricilər təşkil etdiyindən faydalı quş hesab edilir.
Bozumtul çalağan həyat tərzinin, bioloji və ekoloji xüsusiyyətlərinin izlənilməsi nəzərdə tutulub.