QAN YADDAŞI


Azərbaycanın Avstriyadakı səfirliyində mətbuat nümayəndələri üçün məlumatlandırma tədbiri keçirilib

Vyana, 26 fevral, AZƏRTAC

Xocalı soyqırımının 29-cu ildönümü münasibətilə Azərbaycanın Avstriyadakı səfirliyində mətbuat nümayəndələri üçün məlumatlandırma tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, Avstriyada akkreditə olmuş türk mətbu orqanlarının təmsilçiləri öncə səfirliyin önündə Xocalı soyqırımının qurbanlarının xatirəsinə yaradılmış guşə önünə əklillər qoyub, şəhidlərin xatirəsini sükutla yad ediblər. Avstriyada fəaliyyət göstərən Avstriya-Azərbaycan Mədəniyyət və İş Adamları Dərnəyinin sədri Yardım Günəş media mənsublarına Xocalı faciəsi barədə məlumat verib, 20-ci əsrdə bəşəriyyətin ən qanlı səhifələrindən biri olan bu faciənin tanıdılması və hüquqi qiymətin verilməsi üçün ictimaiyyət və media ilə aparılmalı olan fəaliyyətdən bəhs edib.

Sonra Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov mətbuat təmsilçiləri üçün müsahibə verib. O, Sovet İttifaqının dağıldığı ərəfədə Azərbaycan torpaqlarını qəsb etmək istəyən Ermənistanın işğalçılıq siyasəti, Azərbaycanın Qarabağ bölgəsindəki separatçılıq meyilləri və 90-cı illərin əvvəlində azərbaycanlıların sistematik şəkildə öz ata-baba yurdlarından qovulması barədə danışıb. Qeyd edilib ki, azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparan Ermənistan Dağlıq Qarabağda yerləşdirilən 366-cı alayın şəxsi heyətinin dəstəyi ilə amansız cinayətlər törətdi. Müstəqilliyin ilk dövrlərində daxili çəkişmələrə meydan olan Azərbaycanın qonşu dövlətin bu təcavüzkar siyasətinə hazırlıqlı deyildi və ilk növbədə silahsız dinc əhali arasında qurbanlar, ərazilərin tədricən itirilməsi vəziyyəti daha da gərginləşdirirdi. 1992-ci ilin fevral ayının sonunda erməni silahlı birləşmələri Azərbaycanın Xocalı şəhərində dinc əhaliyə hücum edərək, qadın, uşaq və qoca demədən yüzlərlə insanı qətlə yetirdilər, bütöv bir şəhərin əhalisi əsir, itkin, qaçqına çevrildi. Fevralın 25-dən 26-na keçən gecə baş verən Xocalı faciəsi insanlığa qarşı yönəlmiş ən qatı hərbi cinayətlər sırasında yer alır və ona beynəlxalq səviyyədə hüquqi qiymətin verilməlidir.

Səfir qeyd edib ki, həmin vaxt Xocalıda heç bir hərbi istehkam, zirehli texnika və hərbi qüvvələr olmasa da, erməni silahlı birləşmələri dinc əhalinin üzərinə hərbi texnika ilə hücuma keçdilər. Sonralar Ermənistanın dövlət başçısı Serj Sarkisyan da öz müsahibələrinin birində dinc əhaliyə silah qaldırdıqlarını etiraf etdi. Q. İsrafilov bildirib ki, Azərbaycan və azərbaycanlılara qarşı nifrətə köklənmiş erməni separatizmi və hərbi təcavüzü Xocalı faciəsindən ötən 29 il ərzində davam edib. İstər atəşkəs dövründə, istərsə də 44 günlük Vətən müharibəsində Ermənistan ordusu daim mülki şəxslər və obyektləri, yaşayış məntəqələrini hədəf alıb. Gəncə, Bərdə və digər yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutan Ermənistan ordusu və ölkənin hərbi-siyasi rejimi əsl üzünü açıb göstərdi, lakin Azərbaycan xalqını qorxuya sala bilmədi. Dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşən Azərbaycan xalqı 30 ildən bəri davam edən münaqişəyə son qoydu, ölkəmizin ərazi bütövlüyü və suverenliyini bərpa edə bildi.

Q. İsrafilov yekunda bildirib ki, öz tarixinin acı səhifələrini unutmayan Azərbaycan xalqı öz sülhsevərliyini daim nümayiş etdirir. Müharibə başa çatdıqdan sonra Azərbaycan regionda iqtisadi əməkdaşlıq və mehriban qonşuluq münasibətlərinin qurulması, müxtəlif formatlarda əlaqələrin inkişaf etdirilməsinə çalışır. Münaqişənin başa çatması regionda sülh və barışın bərqərar olmasını təmin edəcək, infrastruk layihələrinin həyata keçirilməsi regionun inkişafına təkan verəcək, qonşu dövlətlərin hərtərəfli iqtisadi sıçrayış üçün zəmin olacaqdır.

Həmçinin qeyd edilib ki, Xocalıya ədalətin bərqərar olması üçün günahsız insanların ölümünə bais olan cinayətkarlar məsuliyyətə cəlb edilməli, beynəlxalq ictimaiyyətə bu faciə barəsində həqiqətlər çatdırılmalıdır. Səfir Q. İsrafilov bu istiqamətdə Türkiyənin Azərbaycanı daim mənəvi və siyasi dəstək göstərdiyini, haqq işində yanında olduğunu minnətdarlıqla vurğulayıb, Türkiyə mətbuat orqanları mənsublarına Azərbaycanın haqq səsini dünyaya çatdırılmasında göstərdikləri fəaliyyətə görə təşəkkür edib.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.