ORDU
Azərbaycanın Belarusdakı hərbi attaşelik aparatının əməkdaşları Milli Qəhrəmanımızın anasını ziyarət ediblər
Bakı, 20 dekabr, AZƏRTAC
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun göstərişinə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Belarus Respublikasındakı hərbi attaşesi polkovnik Elşən Rəhimov və köməkçisi polkovnik-leytenant Aydın Rəhimov ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olan Milli Qəhrəman, əslən belaruslu mayor Anatoli Davidoviçin Slutsk şəhərində yaşayan anası Kima Davidoviçi Yeni il bayramı ərəfəsində ziyarət ediblər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Kima Davidoviçə Müdafiə nazirinin Yeni il təbriki çatdırılıb və qəhrəmanın anasının ölkə rəhbərliyinin daim diqqət mərkəzində olduğu xüsusi vurğulanıb.
Milli Qəhrəmanımızın məzarı ziyarət olunub, xatirəsi ehtiramla yad edilib.
Hərbi attaşelik aparatının əməkdaşları K.Davidoviçin evində aparılan təmir işləri ilə tanış olub, çay süfrəsi arxasında Kima Davidoviçin səhhəti və problemləri ilə maraqlanıb, eləcə də şəhidin qəhrəmanlığı, gənclik və xidmət illərini xatırlayıblar. Vurğulanıb ki, Milli Qəhrəmanın xatirəsi hər iki ölkədə daim ehtiramla yad olunur və bundan sonra da Azərbaycan xalqının qəlbində əbədi qalacaqdır.
Qəhrəmanın anası oğlunun xatirəsinə göstərilən ehtirama, eləcə də özünə yetirilən diqqət və qayğıya görə dövlətimizin başçısına, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin rəhbərliyinə, ölkəmizin Belarusdakı səfirliyinə və hərbi attaşelik aparatının əməkdaşlarına minnətdarlığını bildirib.