MƏDƏNİYYƏT
Azərbaycanın Macarıstandakı səfirliyində Novruz bayramı qeyd olunmuşdur VİDEO
Budapeşt, 21 mart (AZƏRTAC). Azərbaycanın Macarıstandakı səfirliyinin əməkdaşlarının təşəbbüsü və Azərbaycan dioasporu nümayəndələrinin fəal iştirakı ilə diplomatik nümayəndəlikdə Novruz bayramı münasibətilə bayram gecəsi olmuşdur.
Azərbaycan səfiri Vilayət Quliyev qonaqları, o cümlədən Azərbaycanın Xalq Artisti Yalçın Adıgözəlovu, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının prorektoru Yeganə Axundovanı, "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin musiqi redaksiyasının baş redaktoru Nadir Axundovu, habelə Macarıstanda yaşayan azərbaycanlıları salamlamışdır.
Qonaqlar üçün yeməklər səfərliyin əməkdaşları tərəfindən hazırlanmışdır. Onların uşaqları isə bədii proqram hazırlamış, Novruz mövzusunda şeirlər oxumuş, qısa teatrlaşdırılmış səhnəciklər və xalq rəqsləri təqdim etmişlər.
Bundan əlavə, hər bir ailə Novruz üçün ənənəvi şirniyyatdan ibarət xonça hazırlamışdır. Qonaqlara bəyəndikləri kompozisiyaya səs vermək təklif olunmuşdur.
Yeganə Axundova royalda bir neçə əsər ifa etmişdir. Sonra qonaqlar royalın ətrafına toplaşaraq sevilən xalq mahnılarına oxumuşlar.
Sonda tədbir iştirakçıları ənənəvi olaraq Novruz tonqalının üzərindən tullanmışlar.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt