SİYASƏT
Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyində Anım Günü tədbiri keçirilib
Qahirə, 28 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı səfirliyində 27 Sentyabr – Anım Günü ilə əlaqədar tədbir təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə Ər-Riyad şəhərində yaşayan həmvətənlərimiz və türk diasporunun nümayəndələri, habelə Səudiyyə Ərəbistanı, Bəhreyn və Omanda yaşayan soydaşlarımız “Zoom” platforması vasitəsilə iştirak ediblər.
Tədbir iştirakçıları şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra Prezident İlham Əliyevin Anım Günü ilə əlaqədar xalqa müraciəti nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə açan səfir Şahin Abdullayev Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi nəticəsində Azərbaycan Ordusunun öz qüdrəti ilə müstəqil dövlətimizin tarixinə parlaq, qürurverici və şanlı səhifə yazdığını qeyd edib. Natiq Ordumuzun gücü qarşısında davam gətirə bilməyən ermənilərin öz çirkin xislətlərinə sadiq qalaraq, müharibə dövrünün qanunlarını belə pozduğunu, terror və təxribat cəhdləri, habelə müharibə cinayətləri törətdiklərini diqqətə çatdırıb. Səfir Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq, məqsədyönlü şəkildə qadağan olunmuş silahlardan istifadə edərək, mülki əhalini və infrastrukturu hədəf aldığını, hərbi əməliyyatların keçirildiyi ərazidən uzaqda yerləşən Gəncə, Mingəçevir, Yevlax, Daşkəsən, Xızı, Siyəzən, cəbhəyanı Tərtər, Bərdə, Goranboy, Beyləqan və Ağcabədini atəşə tutduğunu qeyd edib. O, dövlətimizin başçısının qətiyyətli mövqeyi sayəsində heç kəsin Azərbaycanın qələbə əzminə və zəfər yoluna mane ola bilmədiyini, dövlət-xalq-ordu birliyinin bizi Azərbaycan mədəniyyətinin beşiyi olan Şuşaya və digər ərazilərimizə qovuşdurduğunu söyləyib.
Sonra həmvətənlərimiz mövzu ilə bağlı ürək sözlərini bölüşüblər.
Tədbirin sonunda 27 Sentyabr – Anım Günü ilə əlaqədar hazırlanmış xüsusi videoçarx nümayiş etdirilib və şəhidlərin əziz xatirəsinə Oman Sultanlığında yaşayan azərbaycanlı pianoçu Vüsalə Yusifin ifasında bəstəkar Ceyhun Allahverdiyevin “Tac Mahal” baletindən “Vida Adajiosu” səsləndirilib.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə