REGİONLAR
Azərbaycanın davamlı inkişaf yolunun təməli Milli Qurtuluş Günü ilə qoyulub
Xırdalan, 15 iyun, Ətrabə Rzayeva, AZƏRTAC
Bakı Mühəndislik Universitetində 15 iyun – Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə 1990-cı illərin əvvəllərində ölkəmizdə baş verən hadisələrdən, xalqın təkidi ilə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonrakı dəyişikliklərdən, inkişaf proseslərindən bəhs edən sənədli film nümayiş etdirilib.
Universitetin rektoru professor Havar Məmmədov çıxış edərək deyib ki, 1990–1993-cü illərdə Azərbaycan dövləti məqsədli şəkildə xaos, anarxiya girdabına, vətəndaş qarşıdurmasına sürüklənirdi. Regionda strateji marağı olan güc mərkəzləri tərəfindən ölkəmizin parçalanması, quberniyalara və əyalətlərə bölünməsi planı artıq çoxdan cızılmış və işə salınmışdı. Belə bir şəraitdə xalq ölkənin siyasi və iqtisadi böhrandan qurtulmasının, vətəndaş qarşıdurmasının aradan qaldırılmasının, dövlət müstəqilliyinin daimi və əbədi olmasının yeganə nicat yolunu ümummilli lider Heydər Əliyevdə gördü. Təsadüfi deyil ki, Ümummilli Liderin xalqın tələbi ilə siyasi hakimiyyətə qayıtdığı gün – 1993-cü ilin 15 iyunu tarixə Milli Qurtuluş Günü kimi daxil oldu. Azərbaycan milli və müstəqil dövlət kimi mövcudluğuna görə bu tarixi qayıdışa, milli qurtuluşa borcludur. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, regionda və dünyada dövlətimizin nüfuzu daha da artır. Azərbaycan dünyanın ən qabaqcıl layihələrində iştirak edir.
Rektor vurğulayıb ki, Ümummilli Lider xalqın qəlbində tayı-bərabəri olmayan heykəl, əsrlərboyu yaşayacaq abidə – şah əsər ucaltdı. Bu abidənin, şah əsərin adı Azərbaycandır – müstəqil və qüdrətli Azərbaycan!
Tədbirdə çıxış edən YAP Abşeron rayon təşkilatının sədri Bilman Vəliyev və digərləri həmin ağır vaxtlarda baş verən hadisələr barədə danışıblar. Vurğulanıb ki, Azərbaycanın davamlı inkişaf yolunun təməli Milli Qurtuluş Günü ilə qoyulub.