REGİONLAR
Azərbaycanın regionları da qlobal humanitar məsələlərin müzakirə olunduğu məkana çevrilib
Əməkdaşı olduğum Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə Zaqatalada keçirilən “dəyirmi masa” Beynəlxalq Tolerantlıq Gününə həsr olunub. Tədbir ümummilli lider Heydər Əliyevin məşhur kəlamı olan “Mən fəxr edirəm ki, azərbaycanlıyam” devizi altında keçirilir. Tolerantlıq Gününün məhz regionlarda qeyd olunmasına gəlincə, bu, xüsusi önəm kəsb edir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşı Rəvan Həsənov Zaqatalada jurnalistlərə müsahibəsində deyib.
O qeyd edib ki, bu gün Azərbaycanın regionları, o cümlədən Zaqatala rayonu da qlobal humanitar məsələlərin müzakirə olunduğu məkana çevrilib. “Bütün dünyaya göstərmək istəyirik ki, Azərbaycan yalnız iqtisadi cəhətdən inkişaf etmir. Bununla paralel olaraq mədəni tərəqqi gedir. Regionlarda yaşayan insanlar bu prosesə fəal şəkildə qoşulublar. Mərkəz olaraq biz Azərbaycanda tolerantlıq məsələlərini elmi cəhətdən araşdırmaq, əldə etdiyimiz uğurları Avropaya və digər dünya ölkələrinə çatdırmaq kimi vacib bir missiyanı öhdəmizə götürmüşük” – deyə R. Həsənov vurğulayıb.