ELM VƏ TƏHSİL


Azərbaycanın təhsil nazirinin müavini UNESCO-nun qlobal təhsil iclasında iştirak edib

Bakı, 7 dekabr, AZƏRTAC

Təhsil nazirinin müavini Firudin Qurbanov UNESCO və Belçika hökumətinin birgə təşkilatçılığı ilə keçirilən qlobal təhsil iclasında iştirak etmək məqsədilə Belçika Krallığının Brüssel şəhərində səfərdə olub.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, qlobal təhsil iclasında BMT, UNESCO, Avropa İttifaqının məsul şəxsləri, UNESCO-ya üzv dövlətlərin təhsil nazirləri, nazir müavinləri, BMT agentlikləri, beynəlxalq və regional təşkilatların, özəl sektorun nümayəndələri də daxil olmaqla 300-dən çox rəhbər şəxs iştirak edib.

Qlobal təhsil iclasının rəhbər şəxslər üçün olan bölməsinin açılış mərasimində Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə BMT-nin xüsusi nümayəndəsi, Belçika Kraliçası xanım Mathilde, UNESCO baş direktorunun təhsil üzrə müavini Stefaniya Giannini, BMT-nin baş direktorunun müavini Amina Mohammed, BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) direktoru İnqa Rhonda Kinq, təhsil, mədəniyyət, gənclər və idman üzrə Avropa komissarı Tibor Navraksis çıxış ediblər.

Nazirlərin görüşünün ikinci “dəyirmi masa”sında çıxış edən Firudin Qurbanov ölkəmizdə Dayanıqlı İnkişaf Məqsədləri - hədəf 4 üzrə görülmüş işlər və perspektivlərə dair iştirakçılara məlumat verib.

Nazir müavini “Hamı üçün inklüziv və keyfiyyətli təhsilin təminatı və ömrü boyu təhsilin təşviq edilməsi”nin (hədəf 4) Azərbaycan Prezidentinin 2013-cü ilin 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” ilə bir çox sahələrdə uyğunluq təşkil etdiyini diqqətə çatdırıb və strategiyada göstərilən islahatların aparılması sayəsində bir sıra sahələrdə yüksək nəticələr əldə olunduğuna dair ətraflı məlumat verib. O, həmçinin ümumi təhsilin yeni standartlarının hazırlanması, təhsildə gender bərabərliyinin təmin edilməsi və inklüziv təhsil sahəsində görülən işlər barədə danışıb və “2018-2024-cü illərdə Azərbaycan Respublikasında əlilliyi olan şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq edildiyini vurğulayıb.

Nazir müavini torpaqlarımızın Ermənistan silahlı qüvvələri tərəfindən işğala məruz qalması nəticəsində yaranan çətin vəziyyətə baxmayaraq, Azərbaycan hökumətinin təhsil sektoruna geniş sərmayə yatırmasını, son dövrlərdə məcburi köçkün uşaqların təhsil hüquqlarını təmin etmək məqsədilə onlar üçün yüzlərlə məktəb tikildiyini bildirib. O, ölkədə məktəblərin 70 faizdən çoxunun yenidən tikildiyini və ya əsaslı təmir olunduğunu da görüş iştirakçılarının diqqətinə çatdırıb.

Tədbirin sonunda Dayanıqlı İnkişaf Məqsədləri - hədəf 4 üzrə “Əldə olunmuş nəticələr”ə dair tövsiyə xarakterli yekun bəyanat qəbul edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.