İQTİSADİYYAT
Azərbaycanın və Gürcüstanın akkreditasiya mərkəzləri arasında əməkdaşlığa dair memorandum imzalanıb
Bakı, 7 dekabr, AZƏRTAC
Tbilisi şəhərində Azərbaycan Akkreditasiya Mərkəzi ilə Gürcüstan Akkreditasiya Mərkəzi arasında əməkdaşlığa dair memorandum imzalanıb. Sənədi Azərbaycan tərəfdən mərkəzin baş direktoru Sabiq Abdullayev, Gürcüstan tərəfdən Gürcüstan Akkreditasiya Mərkəzinin baş direktoru Paata Gogolidze imzalayıb.
Bu barədə AZƏRTAC-a Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib.
Memorandum çərçivəsində tərəflər akkreditasiya fəaliyyətinin izlənilməsi, personalın təhsili və ixtisasının artırılması, məlumat mübadiləsinin aparılması, uyğunluğun qiymətləndirilməsi orqanlarının akkreditasiyası mövzusunda konfranslar, tematik seminarlar, birgə tədbirlərin təşkil edilməsi, akkreditasiya sahəsində beynəlxalq standartların tətbiqi üzrə təcrübə mübadiləsinin aparılması və ixtisas yoxlamaları proqramlarında iştirakına yardım edilməsi məsələlərində əməkdaşlıq edəcəklərinə dair razılığa gəliblər.
Artıq bununla bağlı ilk təcrübə mübadiləsi proqramı icra olunub.
Gürcüstan Akkreditasiya Mərkəzinin dəvəti ilə mərkəzin laboratoriyaların akkreditasiyası departamentinin əməkdaşları Tbilisiyə səfər ediblər.
Səfər zamanı iştirakçılara Gürcüstan Akkreditasiya Mərkəzinin baş direktorunun müavini, eyni zamanda qurumun keyfiyyət üzrə meneceri Malxaz Xarebava tərəfindən təşkilatın strukturu, iş prinsipləri və fəaliyyəti, keyfiyyəti idarəetmə sistemi, ekspertlər bazasının formalaşdırılması, akkreditasiya üzrə beynəlxalq və regional təşkilatlarda təmsilçiliyi barədə ətraflı məlumatlar verilib.
Həmçinin Gürcüstanın milli orqanı tərəfindən akkreditasiya prosesinin (akkreditasiyaya dair müraciətin qəbulu, qiymətləndirmə mərhələsinin təşkili, qərarları qəbuletmə mexanizmi, reyestrin aparılması və s.) həyata keçirilməsi geniş şəkildə izah edilib.