İQTİSADİYYAT
Azərbaycanla Gürcüstanın enerji sistemləri arasındakı əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb
Bakı, 28 fevral, AZƏRTAC
Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Natia Turnavanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə “Azərenerji” ASC-nin prezidenti Baba Rzayevin başçılıq etdiyi nümayəndə heyəti arasında görüş olub.
“Azərenerji”dən AZƏRTAC-a bildirilib ki, Gürcüstan Dövlət Enerji Sistemi ASC-nin sədri Uça Uçanaşvilinin də iştirak etdiyi görüşdə Azərbaycanla Gürcüstanın enerji sistemləri arasındakı mövcud əməkdaşlıq əlaqələri və bunun perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb.
Azərbaycanın ən böyük elektrik enerjisi ixrac etdiyi ölkənin Gürcüstan olduğunu xüsusi vurğulayan B.Rzayev bildirib ki, Azərbaycan Türkiyə və Avropaya ötürdüyü elektrik enerjisini məhz Gürcüstandan keçməklə ixrac edir.
Görüşdə texniki məsələlər, ölkələr arasında tranzit xarakterli yüksəkgərginlikli elektrik ötürmə xətlərinin hazırkı vəziyyəti, tikilməkdə olan Ağstafa-Qardabani xəttində işlərin son mərhələyə keçməsi barədə geniş müzakirələr aparılıb.