ELM VƏ TƏHSİL
Azərbaycanlı alim Rusiyanın elmi müəssisəsində materialların katalizdə istifadə imkanlarını araşdırıb
Bakı, 4 dekabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun nanokompozit katalizatorlar laboratoriyasının rəhbəri, professor Vaqif Əhmədov Rusiya Elmlər Akademiyasının Element Üzvi Birləşmələr Elmi-Tədqiqat İnstitutunda ezamiyyətdə olub.
Kataliz və Qeyri-üzvi Kimya İnstitutundan AZƏRTAC-a bildiriblər ki, ezamiyyət müddətində alim tərkibində bor, fosfor, azot, həmçinin əlvan və keçid metalları daşıyan polimer quruluşlu komplekslərin sintezi və tədqiqi sahəsində elmi müəssisədə yerinə yetirilən tədqiqat işləri ilə tanış olub, bu materialların katalizdə mümkün potensial istifadə imkanlarını araşdırıb.
V.Əhmədov institutun ümumi elmi seminarında “Tərkibində metal olmayan karbon nitrid üzərində kataliz” mövzusunda məruzə ilə çıxış edib. Sonra institutda bu istiqamətdə aparılan elmi tədqiqatların nəticələri müzakirə olunub.