ELM VƏ TƏHSİL
Azərbaycanlı alim beynəlxalq simpoziumda ölkəmizdə torpaq istifadəçiliyindən danışıb
Bakı, 10 dekabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Torpaqşünaslıq və Aqrokimya İnstitutunun laboratoriya müdiri, AMEA-nın müxbir üzvü Amin İsmayılov Estoniyanın Tallinn şəhərində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Estoniyanın Həyat Elmləri Universitetinin təşkil etdiyi 11-ci beynəlxalq “LANDNET” simpoziumunda iştirak edib.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, “Geniş infrastruktur və dayanıqlı torpaqdan istifadənin tətbiqi üçün torpaqların konsolidasiyası mövcud vasitə kimi” mövzusuna həsr olunmuş simpoziumda A.İsmayılov Azərbaycanda torpaq istifadəçiliyi və FAO tərəfindən həyata keçirilən “Land consolidation” layihəsi barədə məlumat verib. Simpoziumda torpaq sahələrinin parçalanmasının qarşısının alınması və torpaq sahələrindən daha səmərəli istifadənin optimal yolu kimi consolidasiya prosesinin üstünlükləri qeyd olunub.
Tədbir çərçivəsində, həmçinin Avropa və Asiyada həyata keçirilmiş uğurlu layihələrin təqdimatı olub.
Növbəti simpoziumun 2019-cu ilin ikinci yarısında keçirilməsi qərara alınıb.