ELM VƏ TƏHSİL
Azərbaycanlı alimlər misirli həmkarları ilə əməkdaşlıq edəcəklər
Bakı, 8 noyabr, AZƏRTAC
Misir Neft Tədqiqatları İnstitutunun alimləri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda (NKPİ) olublar.
NKPİ-dən AZƏRTAC-a bildiriblər ki, Misir Neft Tədqiqatları İnstitutunun direktoru, professor Əhməd Məhəmməd Əl-Sabahın rəhbərlik etdiyi nümayəndə heyətinin səfərinin məqsədi iki elm müəssisəsi arasında əməkdaşlıq memorandumunun imzalanması olub.
Əvvəlcə misirli qonaqlar institutun direktoru, akademik Vaqif Abbasovla görüşüblər. V.Abbasov qonaqlara institutun tarixi, burada aparılan elmi-tədqiqat işləri, sintez olunan reagentlər barədə məlumat verib, əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparıb.
Professor Əhməd Məhəmməd Əl-Sabah rəhbərlik etdiyi institutun elmi-tədqiqat işlərindən söz açıb.
Sonra misirli alimlər Yusif Məmmədəliyev memorial muzeyi ilə tanış olublar.