İQTİSADİYYAT
“Azəriqaz” bu il “ASAN xidmət” vasitəsilə 58 min 842 istehlakçıya xidmət göstərib
Bakı, 7 mart, AZƏRTAC
“Azəriqaz” İstehsalat Birliyi cari ildə “ASAN xidmət” vasitəsilə 58 min 842 istehlakçıya xidmət göstərib.
Birlikdən AZƏRTAC-a bildirilib ki, “Azəriqaz” tərəfindən cari ilin yanvar-fevral ayları ərzində Azərbaycanda fəaliyyət göstərən “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində istehlakçılardan daxil olan müraciətlər əsasında smart tipli sayğaclar ilə təchiz olunmuş istehlakçılara müvafiq xidmətlərin göstərilməsi, müraciətlərdən asılı olaraq şöbələrdən tələb olunan məlumatların əldə olunması və bu məlumatlar əsasında istehlakçılara xidmətlərin göstərilməsi təmin olunub.
Cari ilin ilk 2 ayında Bakı şəhəri üzrə 1 və 2 saylı “ASAN Kommunal”, 4, 5 saylı “ASAN xidmət” mərkəzlərinə və səyyar “ASAN xidmət”ə, bundan əlavə Bərdə, Sabirabad, İmişli, Masallı, Qəbələ, Quba, Mingəçevir, Şəki, həmçinin Gəncə şəhərində yerləşən “ASAN xidmət” mərkəzlərinə ümumilikdə 58 min 842 müraciət daxil olub və bu müraciətlərin icrası tam təmin edilib.
İstehlakçılarla münasibətlərin təkmilləşdirilməsi, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə birlik bu istiqamətdə fəaliyyətini bundan sonra da davam etdirəcək.