İQTİSADİYYAT
“Azəriqaz”ın xidmətləri səyyar “ASAN xidmət”də
Bakı, 3 avqust, AZƏRTAC
Avqustun əvvəlindən etibarən səyyar “ASAN xidmət” çərçivəsində “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Hövsan qəsəbəsində səyyar formada xidmətlər həyata keçirilir.
“Azəriqaz” İstehsalat Birliyindən AZƏRTAC-a bildirilib ki, xüsusi tərtibatla hazırlanmış səyyar avtomobillər vasitəsilə birbaşa kütləvi sayğac dəyişikliyi olan ərazilərdə abonentlərə tam şəkildə “ASAN Kommunal” standartlarına uyğun xidmət göstərilməsi təmin ediləcək. (Hövsan qəsəbəsində Bələdiyyənin qarşısında xidmətin müddəti 10 gün - avqustun 1-dən 10-dək. Avqustun 14-dən isə Zabrat qəsəbəsi İcra Nümayəndəliyi binasının yanında).
İstehlakçılar bu çərçivədə itirilmiş və zədələnmiş smart kartın bərpası, borc və ödəniş barədə arayışların verilməsi, abonent məlumatlarında dəyişikliklərin edilməsi, koda düşmüş kartların bərpası, zədələnmiş sayğacla bağlı ödənişin qəbulu da daxil olmaqla ümumilikdə 20 növ xidmətdən yararlana bilərlər.
Səyyar “ASAN xidmət”in həyata keçirilməsində əsas məqsəd “Azəriqaz” İstehsalat Birliyi tərəfindən xidmətlərin daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, abonentlər üçün əlçatanlığın təmin edilməsi və istehlakçı məmnunluğuna nail olunmasıdır.