REGİONLAR
“Azərsu” ASC-nin sədri Şirvanda vətəndaşları qəbul edib
Bakı, 11 dekabr, AZƏRTAC
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin dekabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov Şirvan şəhərində Şirvan və Hacıqabuldan olan sakinləri qəbul edib.
Qəbuldan əvvəl “Azərsu”nun sədri Q.Hüseynov və Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi düzüb, Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.
ASC-dən AZƏRTAC-a bildirilib ki, Gənclər Mərkəzində keçirilən qəbulda Şirvan şəhərindən və Hacıqabul rayonundan olan 40 vətəndaş iştirak edib. Vətəndaşların müraciətləri içməli su təchizatı və kanalizasiya xidmətləri, işə qəbul və digər məsələlərlə bağlı olub. Hər bir vətəndaşı dinləyən “Azərsu” ASC-nin sədri müraciətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb.
Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını dilə gətirərək göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.