İQTİSADİYYAT
“Azərsu” yeni elektron xidmət istifadəyə verib
Bakı, 22 aprel, AZƏRTAC
“Azərsu” ASC istehlakçılara göstərilən xidmətlərin asanlaşdırılması, bu sahədə şəffaflığın və operativliyin təmin edilməsi məqsədilə “Abonentə aid ünvan məlumatlarının dəqiqləşdirilməsi” adlı yeni elektron xidməti istifadəyə verib.
ASC-dən AZƏRTAC-a bildirilib ki, sayca 17-ci olan bu xidmət vasitəsilə abonentlər “Azərsu”nun informasiya sistemlərindəki ünvan məlumatlarını dürüstləşdirə bilərlər. Elektron xidmətdən istifadə etmək üçün “www.azersu.az” saytında “Elektron xidmətlər” bölməsindəki elektron xidmətlərin siyahısından “Abonentə aid ünvan məlumatlarının dəqiqləşdirilməsi” xidməti seçilməlidir. İstifadəçi şəxsiyyət vəsiqəsinin FİN kodunu daxil etdikdən sonra xidmətdən istifadə edə bilər.
Müraciət edən abonent tərəfindən əvvəlcə əhali və ya qeyri-əhali seçimi edilməlidir. Əhali qrupu seçildikdə abonent kodu, şəxsiyyət vəsiqəsinin FİN kodu, evin faktiki yerləşdiyi ünvanının xəritədə seçimi, faktiki yerləşdiyi ünvan, müraciət edilən abonentə aid mülkiyyəti təsdiq edən sənədin surəti, abonentin telefon nömrəsi və elektron poçt ünvanı məlumatları sistemə daxil edilir.
Qeyri-əhali qrupu seçilərkən isə obyektin abonent kodu, VÖEN-i, faktiki yerləşdiyi ünvanının xəritədə seçimi, faktiki yerləşdiyi ünvan, müraciət edilən abonentə aid mülkiyyəti təsdiq edən sənədin surəti, müraciət edilən obyektin və ya müraciət edənin elektron poçt ünvanı və telefon nömrələri barədə məlumatlar sistemə daxil olunmalıdır.
Məlumatlar daxil edildikdən sonra müraciət qeydiyyata alınaraq icra olunması üçün “Azərsu” ASC-nin müvafiq sukanal idarəsinə yönləndirilir. Daxil olan müraciətə baxılır və məlumatlar düzgün olduqda müraciət icra üçün qəbul olunur. Müraciət icra olunduqda abonentin məlumatları dürüstləşdirilir. Yeni xidmət ödənişsiz əsaslarla həyata keçirilir.
Müraciət icra olunduqdan sonra abonentin qeyd etdiyi telefon nömrəsi məlumatlandırma xidmətinə qoşulur. Gələcəkdə ərazi üzrə şəbəkə infrastrukturunda baş verən qəzalar və profilaktik işlər, həmçinin ASC tərəfindən təqdim edilən xidmətlərdəki yeniliklər barədə abonent SMS vasitəsilə məlumatlandırılacaq.
Qeyd edək ki, hazırda “Azərsu” ASC tərəfindən 17 adda elektron xidmət göstərilir. Ötən il bu xidmətlərdən istifadə ilə bağlı 345 min, cari ilin birinci rübündə isə 33 min müraciət qeydə alınıb.