DÜNYA
BAĞDADDA AMERİKA SƏFİRLİYİNİN 1000 ƏMƏKDAŞINDAN YALNIZ 6-SI ƏRƏB DİLİNİ BİLİR
AZƏRTAC-ın İTAR TASS-dan aldığı xəbərə görə, Birləşmiş Ştatların İraqdakı siyasi və sosial-mədəni vəziyyəti başa düşməsində obyektiv maneə vardır: Bağdaddakı Amerika səfirliyinin 1000 nəfər əməkdaşından yalnız 6-sı ərəb dilini bilir. Ərəb KİV-lərinin yaydığı xəbərə görə, bu fakt İraq üzrə xüsusi komissiyanın məruzəsində qeyd olunur. Komissiyaya ABŞ Respublikaçılar və Demokratlar partiyalarının hərəsindən beş nümayəndə daxildir.
Sənəddə deyilir ki, İraq dilini bilməmək və mədəniyyətinə bələd olmamaq bu ölkədə bütün hərbi və mülki səylərimizin səmərəsini kəskin surətdə azaldır. İraqlılarla ünsiyyətin mümkün olmaması ABŞ-ı bu münaqişədə əlverişsiz vəziyyətdə qoyur.
Məruzənin müəllifləri ABŞ hökumətinə tövsiyə edirlər ki, diplomatların və İraqa ezam olunan digər rəsmi şəxslərin dil hazırlığına maksimum yüksək üstünlük versin.