REGİONLAR
BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ-YARMARKALARI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, fevralın 24-də Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Yarmarkalara, mövsümə uyğun kənd təsərrüfatı məhsulları çıxarılmışdı.
“Təzə bazar” MMC-nin həyətindəki yarmarkaya Sabirabad, Zərdab, Gədəbəy, Göyçay, Hacıqabul və digər rayonlardan müxtəlif çeşiddə kənd təsərrüfatı məhsulları gətirilmişdi.
Bazar günü yarmarkasında əhaliyə 13 ton məhsul, o cümlədən 2 ton ət, 0,4 ton ağartı məhsulları, 5 ton tərəvəz, 3,5 ton kartof, 1 ton bostan bitkisi, 1 ton meyvə, 10 min ədəd yumurta, 100 kiloqram bal təklif olunurdu. Yarmarkada qiymətlər bazardakından 20-25 faiz aşağı idi.
Burada mal ətinin kiloqramı 3 manat 40 qəpiyə, qoyun əti 3 manat 60 - 3 manat 80 qəpiyə, quş əti 2 manat 70 - 2 manat 80 qəpiyə, soğan 20, kök 50 qəpiyə, çuğundur və alma 1 manat 20 - 1 manat 60 qəpiyə, armud 70 qəpik - 1 manat 50 qəpiyə, kartof 50-60 qəpiyə, yumurtanın bir ədədi 10 qəpiyə satılırdı.
Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi, 284 nömrəli orta məktəbin qarşısındakı yarmarkada müxtəlif çeşiddə meyvə-tərəvəz və süd məhsulları keyfiyyəti ilə diqqəti cəlb edirdi.
Burada Qazax və Ağsu rayonlarının fermerləri gətirdikləri həmin məhsulları bazardakından 20-30 faiz ucuz qiymətlərə şəhər sakinlərinə təklif edirdilər.
Binəqədi rayonundakı 6 nömrəli Bakı Texniki Peşə liseyinin qarşısında təşkil olunmuş yarmarkaya da bol məhsul çıxarılmışdı. Burada şəhər sakinləri ucuz qiymətlərə satılan kələmi, almanı, südü və digər kənd təsərrüfatı məhsullarını həvəslə alırdılar.
İşçi qrupunun rəhbəri Sabir Əhədov bildirmişdir ki, yarmarkaya Bərdə, Goranboy və Ağstafadan 21 tonadək müxtəlif çeşiddə məhsul gətirilmiş və satılmışdır.
Fevralın 23-24-də Suraxanıda “Günəş” ticarət mərkəzindəki yarmarkada Qobustan, Samux, Daşkəsən, Quba və Biləsuvar rayonlarının fermerləri satışa 26 ton məhsul çıxarmışlar.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Mustafa Rüstəmov demişdir ki, əhalinin tələbatı nəzərə alınaraq bu dəfə yarmarkalara çıxarılan məhsulların miqdarı və çeşidi artırılmışdır. Burada satılan məhsulların qiymətləri bazardakından 25-30 faizə qədər ucuzdur. Satışda meyvə- tərəvəz, bitkiçilik məhsulları, ət-süd məmulatı, konservləşdirilmiş məhsullar vardır. Alıcılar məhsulun qiymətindən və keyfiyyətindən razıdırlar.
“Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisindəki yarmarkada isə Cəlilabad və Göyçay rayonunun fermerləri satışa 4 tona yaxın məhsul çıxarmışlar. Burada da qiymətlər bazardakından 25-30 faiz ucuzdur.
Yarmarkalarda heyvanlar baytar laborator müayinədən keçdikdən sonra alıcıların gözü qarşısında kəsilir və bazar qiymətlərindən 30 faiz ucuz satılır.
Metronun “Əhmədli” stansiyasının yaxınlığında, Sarayevo küçəsində, “Bakı” kinoteatrının yanında “Bülbülə” kiçik müəssisəsinin “Azər” ticarət mərkəzindəki yarmarkada şəhər əhalisi satışa çıxarılan kənd təsərrüfatı məhsullarının bolluğundan razılıq edirdilər.
İşçi qrupunun qərargahından verilən məlumata görə, şənbə və bazar günləri burada Salyan, Kürdəmir, Quba, Şəmkir, Ucar, Ağcabədi, Qax, Biləsuvar və Qəbələ rayonlarından gətirilmiş 23,5 ton ət, 39,4 ton kartof, 51,7 ton meyvə, 63,3 ton tərəvəz və digər məhsullar satılmışdır.
Yarmarkada alma, kartof, soğan, ət, konserv, bal və s. üstünlük təşkil edirdi.
Yarmarkada ət və süd məhsulları müayinədən keçirildikdən sonra onların satışına icazə verilirdi.
Nərimanov rayonu ərazisində, Keşlə ticarət mərkəzində təşkil olunmuş yarmarkada Xaçmaz, Tərtər, İmişli, Tovuz, Astara, Beyləqan, Daşkəsən, Neftçala, Oğuz və Qobustan rayonlarının fermerləri satışa 104,4 ton məhsul, o cümlədən 6,6 ton ət, 0,2 ton ağartı, 43,8 ton tərəvəz, 22,5 ton kartof, 200 kiloqram konserv məhsulu, 31,1 ton meyvə, 200 kiloqram bal, Giləzi, Goradil broyler fabriklərinin işçiləri quş əti və 20 min ədəd yumurta çıxarmışdılar.
Burada mal ətinin kiloqramı 3 manat 60 qəpiyə, qoyun əti 4 manata, quş əti 2 manat 70 qəpiyə, pendir 2 manat 40 qəpiyə, qoz 2 manat 20 qəpiyə, bal 10 manata, nar 1 manata, mandarin 70, kartof və alma 40-50, soğan 20, çuğundur 40, kök 50 qəpiyə, yumurtanın bir ədədi 9 qəpiyə satılırdı.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Savalan Seyfəddinov bildirmişdir ki, qışın son ayı olmasına baxmayaraq, fermerlər paytaxt sakinlərini kənd təsərrüfatı məhsulları sarıdan korluq çəkməyə qoymurlar.
Alıcılar qiymətlərin ucuzluğuna və məhsulların keyfiyyətinə görə razılıqlarını bildirirdilər.
######