İDMAN
BAKIDA TAEKVONDO ÜZRƏ AVROPA BİRİNCİLİYİ BAŞLANMIŞDIR
Açılış mərasimində çıxış edən gənclər və idman naziri Azad Rəhimov iştirakçıları salamlamışdır. Ölkəmizin dünyanın idman mərkəzlərindən birinə çevrildiyini deyən nazir, bu uğurun qazanılmasında Prezident İlham Əliyevin diqqət və qayğısını xüsusi vurğulamışdır. A.Rəhimov demişdir ki, bu gün start götürən bu Avropa çempionatı Azərbaycan idmanın inkişafının əyani sübutudur.
Avropa Taekvondo İttifaqının (ATİ) prezidenti Atanasios Praqalos yarışın yüksək səviyyədə təşkil edilməsinə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirmişdir.
Dünya Taekvondo Federasiyasının vitse-prezidenti, Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərov ölkəmizin zəngin idman ənənələrini diqqətə çatdıraraq, bütün sahələrdə qazanılan nailiyyətlərdə, o cümlədən idmanın inkişafında ümummilli lider Heydər Əliyevin danılmaz rolunu vurğulamışdır. K.Heydərov demişdir ki, ölkəmizdə idmanın bütün növlərində kütləviliyin təmin olunması, olimpiya-idman komplekslərinin tikintisi, Azərbaycanda beynəlxalq səviyyəli yarışların keçirilməsi Prezident İlham Əliyevin bu sahəyə diqqətinin bariz nümunəsidir. Bu yarışların əhəmiyyətini qeyd edən K.Heydərov gələcəkdə bu idmançıların arasından Olimpiya çempionlarının yetişəcəyinə ümid etdiyini vurğulamışdır. K.Heydərov demişdir ki, bu, ölkəmizdə taekvondo üzrə keçirilən sayca 3-cü yarışdır.
İdmançıların rəsmi andiçmə mərasimindən sonra ATİ-nin fəxri mükafatları A.Rəhimova, K.Heydərova və Azərbaycan Teakvondo Federasiyasının birinci vitse-prezidenti Füzuli Musayevə təqdim olunmuşdur. İlk dəfə olaraq ingilis dilində Azərbaycan Taekvondo Federasiyasının himni səsləndirilmişdir.
Açılış mərasiminin bədii hissəsində isə incəsənət ustalarının və idmançıların nümunəvi çıxışları olmuşdur.
Yarış qız və oğlanların 3 çəki dərəcəsi üzrə çıxışları ilə davam etmişdir.