CƏMİYYƏT
BƏT: 2018-ci ildə iş yeri olan kişilərin sayı 2 milyard, qadınların sayı isə 1,3 milyard olub
Bakı, 9 mart, AZƏRTAC
Əmək bazarında qadınların sayı əvvəlki kimi, kişilərin sayından xeyli azdır və bu fərqin azalması çox ləng gedir. 2018-ci ildə iş yeri olan kişilərin sayı 2 milyard, bu cür qadınların sayı 1,3 milyard olub.
AZƏRTAC Beynəlxalq Əmək Təşkilatının (BƏT) yeni məruzəsinə istinadla xəbər verir ki, məruzə müəlliflərinin fikrincə, əgər ölkələr müvafiq tədbirlər görməsə, vəziyyət daha da pisləşə bilər.
Məruzədə göstərilir ki, keçən il əmək qabiliyyətli qadınların 45 faizdən bir qədər çox hissəsi işləyiblər. Eyni müddətdə kişilər üçün məşğulluq göstəricisi isə 71 faizdən çox olub. Qlobal sorğuda iştirak etmiş qadınların 70 faizi işləmək arzusunda olduqlarını bildirib və kişilərin 66,5 faizi bu məsələdə qadınları dəstəkləyib.
Məruzədə deyilir: “Qadınlar ödənişli işlə məşğul olmaq istəyirlər və çox vaxt evdə gördükləri ödənişsiz iş bu məsələdə onlara mane olur. Hansı gender göstəricilərinə nəzər salsaq, hansı maneələri hesaba alsaq, bütün hallarda başqalarına qulluq göstərmək işi ortalığa çıxır. Sosial normalara görə, əvvəlki kimi yenə də qadınların “dayə”, kişilərin isə “qazanc gətirən” rolu oynaması nəzərdə tutulur”.
BƏT-in məlumatına görə, uşaqsız qadınlarla müqayisədə anaların iş tapması daha çətindir. Üstəlik, analara az əməkhaqqı ödənilir. Kişilər arasında əks meyil müşahidə olunur: bir qayda olaraq, övladı olan kişilərə daha yüksək məvacib verilir.
BƏT ekspertləri bildirirlər ki, ağır şəraitdə işləyən və ya aşağıixtisaslı işlə məşğul olan şəxslər arasında qadınların sayı daha çoxdur. Bundan əlavə, bir sıra ölkələrdə, ilk növbədə, Afrikada Böyük Səhradan cənubda, Cənubi Asiyada və Latın Amerikasında qadınları çox vaxt qeyri-rəsmi sektorda işə götürürlər.
Rəhbər vəzifələrdə çalışan qadınların sayı cəmi 27 faiz təşkil edir. Son 30 ildə bu göstərici demək olar ki, dəyişməyib. Lakin bu da məlum olub ki, qadınlar karyeranın zirvəsinə kişilərdən daha tez çatırlar. Rəhbər vəzifələrdə çalışan qadınların orta yaşı bu cür kişilərin yaşından bir yaş aşağıdır. Menecer qadınlar arasında magistr, namizədlik və ya doktorluq diplomu olanların sayı menecer kişilərlə müqayisədə daha çoxdur.
BƏT bütün dünya ölkələrinin hökumətlərini işləyən qadınları dəstəkləyən siyasət yürütməyə, o cümlədən zəruri infrastruktur yaratmağa və qadınların analıq məzuniyyətindən sonra mümkün qədər tezliklə layiqli işə qayıtmalarına imkan verən tədbirlər görməyə çağırır.
Azərbaycanda qadınlar ölkənin sosial-iqtisadi və ictimai-siyasi həyatında fəal iştirak edirlər. Dövlət Statistika Komitəsinin bu il yanvar ayının əvvəli üçün olan məlumatına görə, ölkə əhalisinin ümumi sayının 50,1 faizini və ya 4 milyon 999,1 min nəfərini qadınlar təşkil edib.
Azərbaycanda məşğul əhalinin ümumi sayında qadınların xüsusi çəkisi 48,2 faiz təşkil edir.
Ölkənin ümumi təhsil müəssisələrində müəllimlərin 80,1 faizi, orta ixtisas təhsil müəssisələrində 78,9 faizi, ali təhsil müəssisələrində 52 faizi, həkimlərin isə 62 faizi qadınlardır.
Qadınların elmin inkişafında da müstəsna rolu vardır. Elmi işçilərin 58,1 faizini qadınlar təşkil edir.
Dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi ilkin məlumatlara əsasən 28,6 faiz, sahibkarlar arasında isə 21,5 faizdir. Bədən tərbiyəsi və idmanla məşğul olanların 42 faizi qadınlardır.
Milli Məclisdə qadın deputatların sayı da artır. Əgər 1990-cı ildə bütün deputatların 4,3 faizini, 2000-ci ildə 10,7 faizini qadınlar təşkil edirdisə, bu gün ölkədə qadın deputatların xüsusi çəkisi 16,8 faizə çatıb.
İlk bələdiyyə seçkilərinə nisbətən son bələdiyyə seçkilərində bələdiyyə üzvü seçilmiş qadınların sayı 6 dəfə artaraq 5236 nəfərə çatmış və bələdiyyə üzvləri arasında onların xüsusi çəkisi 35 faiz olub.
Diqqəti cəlb edən faktlardan biri də nəqliyyat vasitələrinin idarə olunması üçün sürücülük vəsiqəsi alan qadınların sayının ildən-ilə artmasıdır. Belə ki, sürücülük vəsiqəsi alanların ümumi sayında qadınların xüsusi çəkisi 2008-ci ildə 4,6 faiz olduğu halda, 2018-ci ildə 7,4 faizədək artıb.