İQTİSADİYYAT
BAZARLARDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ QİYMƏTLƏRİNİN SÜNİ ARTIMININ QARŞISI ALINIR
NOYABRIN 18-DƏ BAKININ RAYONLARINDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ YARMARKALARI KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın müxbirləri satış yarmarkalarında olmuş, reportajlar hazırlamışlar.
BİNƏQƏDİ RAYONU
Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi, 284 nömrəli orta məktəbin qarşısındakı yarmarkada Ağsu və Qazax rayonlarından gətirilmiş müxtəlif növ kənd təsərrüfatı məhsulları satılırdı. Havanın yağmurlu olmasına baxmayaraq alış-veriş normal gedirdi.
Burada xiyar, badımcan, kartof, kələm, nar, pomidor və lobyanın kiloqramı 20 qəpiyə, soğan 25 qəpiyə təklif olunurdu.
Dərnəgül yaşayış sahəsində, K.Rəhimov küçəsində yerləşən 6 nömrəli peşə liseyinin qarşısındakı avtomobil yolunun kənarında təşkil edilmiş yarmarkada Qazax, Bərdə, Ağsu, Ağstafa, Zərdab və Goranboy rayonlarından gətirilmiş müxtəlif növ meyvə-tərəvəz, emal müəssisələrinin məhsulları satılırdı. Şəhər sakinləri mal ətinin kiloqramını 3 manat 35 qəpiyə, qoyun ətini 3 manat 60 qəpiyə həvəslə alırdılar. Digər məhsulların da alıcıları çox idi.
NƏSİMİ RAYONU
Mərdanov qardaşları küçəsi, 137, “Maşzavod” SC-nin (“Olimpik” idman kompleksinin yanı) həyətindəki yarmarkada satışa Sabirabad, Gədəbəy, Salyan, Ağdaş, Lerik rayonlarından gətirilimiş məhsullar çıxarılmışdı.
Havanın yağmurlu olmasına baxmayaraq, alıcılar burada həvəslə bazarlıq edirdilər. Evdar qadınlar Şövkət Əbdürrəhmanova, Qiymət Vəliyeva və başqaları aztəminatlı ailələrin büdcəsinə kömək olan yarmarkaların təşkilinə görə ölkəmizin Prezidentinə, hökumətimizə, məhsul sahiblərinə minnətdarlıqlarını bildirirdilər.
Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri İslam İbrahimov dedi ki, yarmarkaya bu gün 5 rayondan 52,1 ton məhsul gətirilmişdir. Bu məhsulların qiyməti bazarlardakından 20-30 faiz aşağıdır.
C.Məmmədquluzadə küçəsi, 101, “Bakı Tikiş Sənaye” ASC-nin həyətindəki yarmarkada əsasən Ağdaş, Lerik rayonlarından gətirilmiş məhsullar təklif olunurdu. Satışa 5,9 ton meyvə-tərəvəz, bostan məhsulları, 1 ton mal əti çıxarılmışdı.
YASAMAL RAYONU
Şərifzadə küçəsi, 194, metronun “İnşaatçılar” stansiyasının 200 metrliyindəki sahədə təşkil olunmuş yarmarkaya Salyan, Qusar, Xanlar, Dəvəci, Xaçmaz və Astara rayonlarından 40 tondan çox məhsul gətirilmişdir. Havanın soyuq və yağışlı olmasına baxmayaraq, burada qızğın alver gedirdi.
Kənd Təsərrüfatı Nazirliyinin və Yasamal Rayon İcra Hakimiyyətinin nümayəndələri qiymətlərə və məhsulun keyfiyyətinə ciddi nəzarət edirdilər.
Yarmarkada kartofun kiloqramı 36, kələm 20, yer kökü 40, alma 30, naringi 50-60 qəpiyə, Salyandan gətirilmiş mal əti 3 manat 40 qəpiyə, qoyun əti isə 4 manata təklif olunurdu.
Alıcılar yarmarkada yaradılmış şəraitdən, məhsulların qiymət və keyfiyyətindən razılıq edərək bu işin təşkilinə görə ölkəmizin rəhbərliyinə minnətdarlıqlarını bildirirdilər.
SƏBAİL RAYONU
Badamdar qəsəbəsinin mərkəzində 9, 7 və 5 mərtəbəli binaların həyəti, 239 nömrəli məktəbin yaxınlığında təşkil edilmiş yarmarkaya Şəmkir, Masallı, Ağsu və Bərdə rayonlarından gətirilmiş məhsullar çıxarılmışdı. Xatırladaq ki, ərazidə yeni məktəb binası tikildiyi üçün yarmarkanın yeri dəyişdirilmiş və yeni əraziyə asfalt döşənmişdir.
Yarmarkada kələmin kiloqramı 20, kartof, yer kökü 40, naringi 50-60, soğan 36, alma 30 qəpiyə təklif edilirdi.
Masallının Hüseynhacılı kəndindən soğan və kartof gətirmiş Ceyhun Məmmədov bildirdi ki, 36-cı dəfədir yarmarkaya məhsul gətirir. O, indiyədək burada ümumilikdə 75 tona yaxın məhsul satmışdır.
XƏTAİ RAYONU
Metronun “Əhmədli” stansiyasının yaxınlığında, Sarayevo küçəsində, “Bakı” kinoteatrının yanında “Bülbülə” kiçik müəssisəsinin “Azər” ticarət mərkəzində təşkil olunmuş yarmarkada alıcılara Şəmkir, Quba, Astara, Ucar, Beyləqan, Kürdəmir, Qax, Salyan, Ağcabədi rayonlarından gətirilmiş meyvə-tərəvəz və digər kənd təsərrüfatı məhsulları təklif olunurdu.
Xətai Rayon İcra Hakimiyyətinin nümayəndəsi Etibar Cabbarov bildirdi ki, rayon ərazisində təşkil olunmuş iki yarmarkaya bu gün 190 tonadək, o cümlədən Şəmkir rayonundan 95 tondan çox məhsul gətirilmişdir.
General Şıxlinski küçəsi, 37, metronun “Həzi Aslanov” stansiyasının yaxınlığındakı “Ordubad” kiçik müəssisəsinin ticarət mərkəzində də satışa ucuz qiymətə təzə və keyfiyyətli məhsullar çıxarılmışdı.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Məzahir Əbilov deyir ki, havanın yağmurlu keçməsinə baxmayaraq, alıcılar yarmarkaya həvəslə gələrək bazarlıq edirlər.
NİZAMİ RAYONU
Metronun “M.Əzizbəyov” stansiyasının ərazisindəki “Ankara” istehsalat-kommersiya firmasında təşkil edilmiş yarmarkada Tərtər, Lənkəran, Şəki, Samux və Oğuz rayonlarının fermerləri məhsul satırdılar.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi K.İmanov dedi ki, bu gün yarmarkaya həmin rayonlardan 18 ton məhsul gətirilmiş, günortayadək 11 tondan çox məhsul satılmışdır.
Lənkəran rayonunun Cil kəndindən Əli Nəsirov fermer təsərrüfatından 400 kiloqram naringi, 100 kiloqram feyxua, 150 kiloqram heyva, 1000 ədəd limon gətirmişdir. O, bu məhsulları bazarlardakından 25-30 faiz aşağı qiymətə təklif edirdi.
NƏRİMANOV RAYONU
Metronun “N.Nərimanov” stansiyası yaxınlığında, Ə.Əliyev küçəsi, 26 ünvanında, “Bakı Taxıl“ Açıq Səhmdar Cəmiyyətinin ərazisindəki yarmarkada müştərilər Naxçıvandan, Xaçmaz, Qobustan, Neftçala, İmişli, Tovuz, Salyan, Beyləqan və Astara rayonlarından gətirilmiş məhsulları həvəslə alırdılar.
Yaradılmış şəraitlə tanış olmaq üçün kənd təsərrüfatı naziri İsmət Abasov yarmarkaya gəlmişdir. O, ərazini gəzmiş, malların çeşidi, keyfiyyəti və qiymətləri ilə maraqlanmış, alıcılarla söhbət etmişdir. Nazir demişdir ki, məqsədimiz alıcıların və satıcıların yarmarkalardan razı qalmalarıdır. Alıcı ucuz alsın, fermer-satıcı isə öz məhsulunu maya dəyərindən, heç olmasa, 25-30 faiz artıq sata bilsin ki, mənfəət götürsün.
Nazir havanın soyuq və yağmurlu olmasına baxmayaraq, yarmarkadakı bolluqdan və qızğın alış-verişdən məmnunluğunu bildirmiş və qeyd etmişdir ki, yağış, soyuq və küləkdən qorunmaq üçün yarmarkalarda örtülü satış yerləri yaradılacaqdır.
Nərimanov Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hafiz Məmmədov bildirmişdir ki, bu gün bazara 9 rayondan 60 tona yaxın kənd təsərrüfatı malları gətirilmişdir.
SURAXANI RAYONU
Əmircan qəsəbəsi, S.Bəhlulzadə küçəsi, 2, “Suraxanı maşınqayırma zavodu” ASC-nin ərazisindəki yarmarkada Cəlilabad və Göyçay rayonlarının fermer və kəndli təsərrüfatlarında istehsal olunmuş məhsullar satılırdı.
Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının aqrar məsələlər üzrə müavini Nazim Səlimov dedi ki, havaların yağmurlu olmasına baxmayaraq, yarmarkaya gələn alıcılar heç də əvvəlkilərdən az deyildir.
Qaraçuxur qəsəbəsinin Yeni Günəşli yaşayış sahəsindəki “Günəş” ticarət mərkəzində səhər tezdən başlanan yarmarkada alıcılara Balakən, Biləsuvar və Qobustandan gətirilmiş müxtəlif çeşiddə kənd təsərrüfatı məhsulları təklif edilirdi. Bundan başqa, bu gün burada Neftçaladan gətirilmiş diri balıq da satılırdı. Məhsulların qiyməti bu dəfə də bazarlardakından ucuz idi.
Qəsəbə sakini Vaqif Namazov qiymətlərdən razılığını bildirərək dedi ki, yarmarkada ucuz və ürəyin istəyən hər cür məhsul vardır. Ona görə hər şənbə bazarlığı buradan edirəm.
Yarmarkaların ərazisində sanitar-epidemioloji vəziyyətə ciddi nəzarət olunurdu.