ELM VƏ TƏHSİL
BDU tələbələri beynəlxalq gənclər müsabiqəsində uğur qazanıblar
Bakı, 18 iyun, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) tələbələri Rusiya Federasiyası Baş Prokurorluğu tərəfindən “Korrupsiyaya qarşı birlikdə” şüarı ilə keçirilən beynəlxalq gənclər müsabiqəsində iştirak ediblər.
Müsabiqəyə Avstraliya, Azərbaycan, Belarus, Bosniya və Herseqovina, Hindistan, Qazaxıstan, Kanada, Moldova, Nepal, Yaponiya, Rusiya və digər ölkələrdən 5 min namizəd qatılıb.
BDU-dan AZƏRTAC-a bildiriblər ki, universitetin Tələbə Gənclər Təşkilatı və Tələbə Həmkarlar İttifaqı Komitəsinin fəal üzvləri Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin I kurs magistrantı Fərid Qurbanov və Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin IV kurs tələbəsi Rəhim Aslanovun birgə hazırladığı videoçarx “Ən yaxşı videoçarx” nominasiyası üzrə III yerə layiq görülüb.
Müsabiqə təşkilatçıları tərəfindən komandaya müvafiq medal, plaket və Rusiya Baş Prokurorluğunun suveniri təqdim olunub.