CƏMİYYƏT
BMT QAK-ın nümayəndəsi qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı görülən işlər barədə məlumatlandırılıb
Bakı, 2 oktyabr, AZƏRTAC
Ombudsman Elmira Süleymanovanın BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəsi Quido Ambroson ilə görüşündə əməkdaşlığın nəticələri təhlil edilib, gələcək fəaliyyət perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Ombudsman Aparatından AZƏRTAC-a verilən məlumata görə, müvəkkil azərbaycanlı məcburi köçkünlərin pozulmuş hüquqlarının müdafiəsinin ölkəmizdə prioritet olduğunu, bu insanların bütün qayğılarının dövlətin gündəlik qayğısına çevrildiyini söyləyib. O, Azərbaycan Hökuməti tərəfindən əhalinin bu həssas təbəqəsinin sosial müdafiəsi və həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıb. Ombudsman, həmçinin hüquq bərabərliyinin təmini və təşviqi məqsədilə həssas əhali qruplarından olan qaçqın, məcburi köçkün, miqrant, uşaq, qadın və əlilliyi olan şəxslər arasında daim maarifləndirmə işinin aparıldığını, bu istiqamətdə birgə strategiyaların hazırlanmasına və həyata keçirilməsinə aidiyyəti dövlət orqanları və beynəlxalq qurumlar ilə yanaşı, vətəndaş cəmiyyətinin cəlb edilməsinin vacibliyini vurğulayıb.
Q.Ambroso Azərbaycanda son vaxtlar qaçqın və məcburi köçkünlərin, qaçqın statusu almaq üçün müraciət edən əcnəbilərin hüquq və azadlıqlarının təmini, vətəndaşsızlıq hallarının azaldılması sahəsində keçirilən tədbirlərlə bağlı səmərəli nəticə əldə olunduğunu bildirib. O, insan hüquqları üzrə müvəkkilə səmərəli təkliflər üçün minnətdarlığını bildirib, Ombudsman təsisatı ilə qarşılıqlı əməkdaşlığın daha da inkişaf etdiriləcəyini söyləyib.
Görüşdə hökumətlərarası müqavilə olan BMT-nin “Qaçqınlara dair Qlobal Kompakt” sənədinin qəbulunun beynəlxalq əməkdaşlığın inkişafına mühüm töhfə verəcəyi qeyd edilib, bununla bağlı tədbirlərin davamlılığının təmin edilməsi, həmçinin BMT-nin Məcburi Köçkünlük üzrə Rəhbər Prinsiplərinin qəbul olunmasının 20 illiyi münasibətilə hazırlanmış 2018-2020-ci illər üzrə Fəaliyyət Planının implementasiyası və əlaqələndirilməsi üzrə birgə fəaliyyət istiqamətləri müəyyən edilib.
Görüş çərçivəsində imzalanması nəzərdə tutulan yeni ikitərəfli sazişin müddəaları da müzakirə olunub.