DÜNYA
BMT-də dəhşətli Ruanda soyqırımının 25-ci ildönümü qeyd olunub
Bakı, 13 aprel, AZƏRTAC
1994-cü ildə törədilmiş və 800 min insanın ölümü ilə nəticələnmiş dəhşətli Ruanda soyqırımının 25-ci ildönümü qeyd olunub.
AZƏRTAC xəbər verir ki, bəşər tarixinin ən faciəli hadisələrindən biri olan Ruanda soyqırımının ildönümü ilə əlaqədar BMT Baş Assambleyasında xüsusi iclas keçirilib. Tədbirdə çıxış edən BMT-nin baş katibi Antonio Quterreş deyib ki, hər bir cəmiyyətdə qəddarlığa qadir olan ünsürlər var. Lakin, eyni zamanda, xeyirxah, nəcib və sülhü təbliğ edən ədalətli insanlar da az deyil.
1994-cü ildə Ruandada üç ay ərzində bir milyona yaxın insanın – tutsi və hutu qəbilələrinin üzvlərinin qətlə yetirildiyini xatırladan təşkilatın baş katibi bildirib ki, BMT Ruanda xalqı ilə həmrəylik nümayiş etdirir. O, dünya ictimaiyyətinin birgə səyləri ilə bu cür vəhşi qırğınların qarşısının alınacağına ümidlərini də ifadə edib. Bu yaxınlarda Yeni Zelandiyada iki məscidə silahlı hücum nəticəsində günahsız insanların öldürüldü faktını da diqqətə çatdıran A.Quterreş vurğulayıb ki, indi bütün ölkələrin qarşısında duran ən mühüm vəzifələrdən biri islamofobiya, antisemitizm və irqçiliyin bütün təzahürləri ilə barışmaz mübarizə aparmaqdır. O əlavə edib ki, vaxtilə dəhşətli faciə ilə üzləşmiş Ruanda indi dünyada sülhməramlıların sayına görə dördüncü ölkədir. Həmin dəhşətli aylarda zorakılığa məruz qalmış ruandalı qadınlar isə hazırda ölkə parlamentində deputatların 60 faizini təşkil edirlər.
Tədbirdə çıxış edən BMT Baş Assambleyasının sədri Fernanda Espinosa təəssüflə qeyd edib ki, dünya ictimaiyyəti 25 il əvvəl baş verən hadisələr zamanı laqeydlik nümayiş etdirib və qırğınların qarşısını almaq üçün heç bir əməli addım atmayıb. O, həmin soyqırımından sonra daha bir çox dəhşətli faciələrin də baş verdiyini diqqətə çatdırıb.
Ruanda soyqırımının canlı şahidləri də BMT Baş Assambleyasının iclasında çıxış ediblər.