BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi “ASAN xidmət”də
AzerTAg.az
Bakı, 27 yanvar, AZƏRTAC
Yanvarın 27-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev ilə Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva arasında görüş keçirilib.
Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev “ASAN xidmət”in yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verərək qeyd edib ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi uğurlar əldə olunub.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, görüş zamanı qonaqlara, həmçinin Dövlət Agentliyinin digər fəaliyyət istiqamətləri, o cümlədən sosial innovasiyalar sahələrində həyata keçirilən işlər barədə ətraflı məlumat verilib. Bildirilib ki, indiyədək 60 milyona yaxın vətəndaş müraciəti qeydə alınıb.
Eyni zamanda, Dövlət Agentliyinin 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə isə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına layiq görülməsi diqqətə çatdırılıb.
Səfir “ASAN xidmət” modelinin böyük təəssürat yaratdığını vurğulayıb.
Görüş çərçivəsində Dövlət Agentliyi ilə BMT həyata keçirilən əməkdaşlıq istiqamətləri üzrə müzakirələr aparılıb.
Nümayəndə heyəti "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi, “Bilim Bakı” mərkəzi və “ABAD”ın fəaliyyəti ilə yerində tanış olub.
Səfirə “ABAD”çı tərəfindən hazırlanmış xatirə hədiyyəsi təqdim edilib.
Xəbərin mətnində orfoqrafik səhv var